III siniflər üzrə növbəti monitorinq keçirildi

BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə monitorinq mayın 17-də keçirildi. Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılırdı. Təhsilalanlara tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim olundu. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt verilmişdir. Monitorinqdə məktəb direktoru ilə birgə BŞTİ-nin Keyfiyyətə Nəzarət sektorunun müdiri Anar Mustafayev iştirak edib. Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.