1 x sinfinin şagirdləri şəhid İlkin Rzayevin xatirəsini anıblar

Şəhid İlkin Rzayevin adını daşıyan 1 x sinfinin şagirdləri Xəlilova Könül müəllimənin təşkilatçılığı ilə Qazi oğlu Şəhid İlkin Rzayevin xatirəsini anıblar.
Şəhidimiz haqqında məlumat:
2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olub. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənib. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olub. Murov dağ istiqamətində döyüş zamanı, hərbi hissənin döyüş hazırlığına rəhbərlik edib. Mayor Rzayev həmin döyüşlər əsnasında özünə tapşırılan istiqamətdə vəziyyəti tam ələ alıb, qəhrəmancasına döyüşüb. Silah yoldaşları arasında "Murovun Aslanı" kimi tanınan mayor İlkin Rzayev Murov yüksəkliyinin alınmasında böyük şücaət göstərərək, bizə qələbə sevincini yaşadıb. İrəli getməyə çalışan digər dəstənin mühasirəyə düşdüyünü görən kimi köməyə gedib və oktyabrın 2-də şəhidlik zirvəsinə ucalıb. 60 gün itkin kimi bilinən şəhidimiz 2 ay qar altında qalıb və nəhayət tapılaraq ailəsinə təhvil verilib. Əsgərləri onun haqqında ağızdolusu danışırdılar. Deyirdilər ki, Murovdağ istiqamətində mühasirəyə düşdük. Mayorla aramızda 2-3 km məsafə olardı. O, bizim mühasirədə olduğumuzu müşahidə məntəqəsindən görüb, silahını götürərək köməyə gəlib. Ora yetişəndə, zabit heyətindən sağ qalan olmadığını görüb. Mühasirədə olan 30-40 əsgəri xilas edib. Dediyi hər bir kəlmə bu günə qədər hərbi hissədə dillər əzbəridir. Təkbaşına düşmənlə mübarizə aparan mayor Rzayevin döyüş bacarığından təlaşa düşən düşmən snayperçiləri onun olduğu mövqeyi atəşə tutub və mərmi boğazına tuş gəlib.
Mayor İlkin Rzayev İkinci Fəxri Xiyabanda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İlkin Rzayev ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.