Uşaqlığın son sədası

İnsan həyatında elə günlər, elə anlar olur ki, o günlər şirin xatirəyə çevrilərək bir ömür yaddaşımızın kövrək səhifəsinə çevrilir. Belə günlərdən biri də orta məktəbi bitirməklə əlaqədar təşkil olunan “Son zəng” tədbiridir. Bayramsayağı bəzədilmiş sinif otaqları, məktəb qapısı, həyat eşqi ilə çoşub-daşan gülüşləri, hay-küylü söhbətləri ilə onbirincilərin sevinci bu günün onlar üçün özəl olduğundan xəbər verir. On bir il elm, təhsil dalınca hər gün açdıqları məktəb qapısı artıq onları məzun kimi yola salır. Geriyə boylananda gərgin müəllim zəhməti, şagird çalışqanlığı ötən illərin güzgüsünə çevrilir. Bu il məktəbimizi azərbaycan bölməsi üzrə 53, rus bölməsi üzrə 37 məzun bitirir. Bu şagirdlərin sıralarında təhsildə, məktəbin ictimai işlərində, idman tədbirlərində xüsusilə fərqlənən şagirdlərimiz az deyil. 
Günümüzün reallığı olan pandemiyanın qaydalarına uyğun olaraq onlayn dərsin çətinlikləri onlardan da yan keçmədi. Bütün maneələrə baxmayaraq müəllimlərimiz və şagirdlərimiz əllərindən gələni edərək dərs proqramından geri qalmamağa çalışdılar. Bəli, bu gün elmin, biliyin gücü ilə silahlanmış məzunlarımız müstəqil həyata vəsiqə qazanırlar. Qazanılan biliklər elmdə, istehsalatda, həyatın eniş-yoxuşlarında onların ən yaxın köməkçisi olacaqdır. Zaman-zaman eşitdikləri  müəllim nəsihətləri daim məzunlarımızla olan sadiq yol yoldaşları olacaqdır. Son zəng günü şagirdlərimizin uğurlarına övlad qədər sevinən müəllimləri isə daha da həyəcanlıdırlar. Bu son zəng məktəbimiz üçün nə ilk, nə də sondur, lakin hər məzunun onun hər otağında, guşəsində öz izi, öz xatirəsi var. Həyəcanlı, sevincli, kövrək notlara köklənən bu tədbirdən bəhs edərkən qocaman, müdrik bir müəllimin son zəng günü dediyi ifadəni xatırladım: “Son zəngin sədası qulaqlardan getməmiş ilk zəngin səsi bizi yeni dərs ilinə səsləyəcək”. Məktəb həyatının, müəllim ömrünün mənası da elə bundadır. Doğma məktəbimizə axarlı zənglər, məzunlarımıza isə müstəqil həyatda, təhsildə uğur dolu günlər arzulayırıq! 

Cəlilova Səadət

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi