Əlifbanı bitirdik
Bu gün birincilərin sevincinin həddi-hüdudu yoxdur. Artıq onlar elmlərin açarı olan əlifbanı, hərflərin dilini öyrəniblər. Hər hərf bir aləmdir, bu sirli-sehirli aləmdə onların yol göstərəni isə sevimli müəllimləri oldu. Bəzən əlifbanın sehirli dünyasında büdrəyəndə, bir hərfi düzgün tələffüz etməyəndə onların köməyinə sinif müəllimləri yetişdi. Bir tədris ili arxada qaldı. Oxumağı-yazmağı bilən birincilər artıq ibtidai təhsil pilləsinin ilk ilini başa vurdular. “Əlvida Əlifba” adlı bayram tədbiri pandemiya qaydalarına uyğun olaraq keçirildi. Hər şagirdin al-əlvan bəzədilmiş otağı məktəbimizin bir guşəsinə çevrildi. Birincilər öz evindən hərflərin diliylə danışdı. Onlayn tədbir hazırlığının çətinliklərinə baxmayaraq müəllimlərimiz və birincilərimiz bu işin öhdəsindən bacarıqla gəldilər. İstər rus, istərsə də azərbaycan bölməsinin söylədikləri bütün şeirlər əlifba haqqında deyilmiş məhşur misranın ifadəsinə çevrildi:
"İndi Ana dilində oxuyuram yazıram,
Kitablardan hər şeyi öyrənməyə hazıram."
Bəli, bu gün tamamlanan birincilərimizin əlifba kitabıdır. Qarşıda isə onları elmin enişli-yoxuşlu yolları gözləyir. İnanırıq ki, əlifba sevincini yaşayan birincilərimizin içərisindən sabahın alimləri, incəsənət xadimləri, müxtəlif peşə sahibləri çıxacaqlar. Unudulmayacaq məktəb illərinin ilk müəllimi, ilk kitabı isə onların yaddaşının həzin xatirəsinə çevriləcəkdir.