Bir gün deyil hər gün qoruyaq

Bir iyun Beynəlxalq uşaqları müdafiə günüdür. Onlar tək bir gün deyil hər gün qorunmağa ehtiyacı olan övladlarımız, körpə fidanlarımızdır, axı. Bir körpənin ən böyük ehtiyacı ana nəvazişi, ata qayğısı və birdə aydın səması olan sakit bir dünyadır. 
İnsanlıq nə qədər mübarizə aparsa da, dünyanın hər bir nöqtəsində köməyə, qayğıya ehtiyacı olan milyonlarla uşaq var. Aclıq, xəstəlik, dəhşətli müharibələr bu körpə varlıqların yaşamaq hüququnu əlindən alır. 
Hər ilin bir iyun tarixində bütün ölkələr uşaqları müdafiə edək şüarı ilə dünyaya səslənir. Bir körpəyə veriləcək ən gözəl hədiyyə isə ana təbəssümü, ata sevgisidir. Yer üzünü bölməkdən doymayan cahangirlər isə yeni-yeni müharibə planları ilə bu ifadənin gerçəkliyini heçə endirir. Bu fikirləri düşündükcə yenicə bitmiş Vətən müharibəsinin körpə şəhidlərini yada salıram. Nənəsinin isti qucağında qanına qəltan edilən körpə Zəhra, ad gününə açılan sabahı qanlı cəsədiylə qarşılayan Nigar, Narin və daha neçə açılmadan soldurulan müharibə qurbanları. 
Tanınmış avar şairi R. Həmzətov yazırdı: 
“İnsanlar, sıyrılmış xəncərinizə bir-bir körpələrinizin yazın adını
 Qızışıb duranda hərdən üz-üzə, hər kəs xatırlasın öz övladını.
Xatırlayın, ey dünya mənim deyənlər” – yer üzünün ən gözəl himni olan körpə qığıltısını, ən gözəl rəsmi olan körpə təbəssümünü səbəb olduğunuz müharibələrin qara tüstüsü ilə kölgələməyin. 
Ölkəmizdə uşaqlar daim dövlətimizin qayğısı və nəzarəti altındadırlar. Açılan uşaq bağcaları, tədris, müalicə, idman, istirahət və oyun mərkəzləri məhz bu fikrin əyani sübutudur. Doğma məktəbimizin şagirdləri də bu qayğıdan kənarda qalmamış, müasir tipli yeni tədris korpusu onların istifadəsinə verilmişdir. Dövlətimizin başçısı İ. Əliyevin korpusun açılışında iştirakı, məktəbizimin tarixində xüsusi səhifə oldu. Möhtərəm prezidentimiz İ. Əliyevin inadlı və qətiyyətli siyasəti, ordumuzun rəşadəti sayəsində övladlarımız bütöv, azad vətəndə böyüyürlər. Şəhidlərin övladları isə onların bizə yadigarları, əmanətidirlər. Bu əmanətə ləyaqətlə sahib çıxmaq isə hər kəsin vicdan borcudur! 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi