Qalibiyyətin anım günü

9 may Qələbə günüdür. Dünyanın faşizm taunundan təmizləndiyi, qardaşlığın, birliyin zəfər çaldığı gündür. Hitler Almaniyasının Sovet ittifaqı üzərinə ildırım sürətli müharibə planı milyonlarla insanın məhvinə, şəhərlərin xarabalığa çevrilməsinə, körpələrin yetim qalmasına səbəb oldu. Müharibə bütün ağrı-acısıyla, dəhşətləriylə insanlığı təhdid edirdi.
Hərdən Böyük Vətən müharibəsini Qarabağ uğrunda xalqımızın apardığı “Vətən müharibəsinə” çox bənzədirik – bütün şəxsi mənafelərini ümumi amal uğruna unudulduğu Qarabağ müharibəsinə.
Böyük Vətən müharibəsində 365 min həmyerlimiz həlak oldu, yüzlərlə insan şikəst oldu, itkin düşdü. Sözü gedən qələbədə Azərbaycan xalqının əvəssiz rolu danılmazdır. Sovet təyyarələrini, artileriyasını hərəkətə gətirən Bakı neftinin sorağı Hitlerin diqqətini Bakıya – neft buruqlarına yönəltmişdi.
İlk Azərbaycanlı Sovet İttifaqı qəhramanı İ. Məmmədov, Q. Məmmədov, M. Hüseynzadə, Ə. Cəbrayılov, H. Aslanov, V. Mirismayılova və minlərlə qəhrəman yurddaşımız adlarını müharibənin zəfər salnaməsinə yazdılar.
Sərvətiylə, mədəniyyətiylə, qəlbi cəsarət dolu övladlarıyla o zaman ümumi sayılan Vətənin harayına hay verdilər. Təsadüfi deyildirki, sözügedən mövzuda yazılmış ədəbi nümunələr ədəbiyyatımızın ən gözəl seçmələri sırasında dayanır. S. Vurğunun “Ukrayna Partizanları”, “Göz aydınlığı”, S. Rüstəmin “Ana və poçtalyon”, “Dönə-dönə xatırlayın”, İ. Şıxlının “Kerç sularında” və s. neçə-neçə əsərlər bizə o günlərin dəhşət və məhrumiyyətlərini xatırladır.
Biz Azərbaycanlılar Vətən müharibəsinin acıları ilə yaşayırıq. Şəhidlərimizə yas tutur, yaralılarımıza məlhəm olmağa çalışırıq. Düşmənin xarabalığa çevirdiyi Qarabağın hər qarışına doğma sahiblərinin isti nəfəsi dəyir. Çox keçməyəcək zəfərimizin memarı, ölkəmizin prezidenti İ. Əliyevin rəhbərliyi ilə Qarabağımız cənnətə çevriləcək, lakin əsrlər keçsə belə müharibənin insanların talehinə, yaddaşına, milli-mənəvi dəyərlərimizə vurduğu yaralar sağalmayacaq. Böyük Vətən müharibəsinin illər keçsə belə sağalmayan yaraları kimi...
Cəlilova Səadət