Xalqın məğrur oğlu və keşməkeşli yol

“Qarabağ bizimdir!”, “Qarabağ Azərbaycandır!”, “Sən artıq azadsan,Şuşa!”, “Qələbə bizimlədir!”...
Bəli, bu sözlər, bu kəlmələr 30 ilə yaxındır ki, həsrətlə yanan, düşmənə qarşı hiss və qəzəblə qovrulan,qisas gününü böyük ümidlə gözləyən bütün Azərbaycan vətəndaşlarının qəlbini,ruhunu oxşadı, içimizdəki od- alovu söndürdü. Bu böyük uğur illərdir ki, gözü yolda qalan əsir məzarlara, şəhid analarına, şəhid bacılarına böyük təsəlli oldu. Hər kəsin qəlbində közərən o ümid qığılcımı birdən-birə alovlandı,bütün xalq birlik nümunəsi olaraq,həqiqətən də,dəmir yumruq altında birləşdi.Ali Baş Komandanın əmrini gözləyən vətən oğulları düşmənin bağrını qana döndərdi.Haqq-ədalət gec də olsa öz yerini tapdı.
Əgər şanlı keçmişimizə nəzər salsaq,bu azğın düşmənlərin illərcə,əsrlərcə yurdumuza göz dikdiklərini görə bilərik. İlk öncə qeyd etməliyik ki,mənfur düşmənlərimiz tarix boyunca özlərinə güclü müdafiəçi axtarmış və öz çoxbilmişlikləri ilə buna nail olmuşlar.
Ermənilərin Cənubi Qafqaza və Azərbaycan ərazilərinə köçürülməsi öncədən düşünülmüş məkirli bir plan idi. Rusiyanın himayəsi altında kiçik erməni dövlətinin yaradılması,həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin bariz nümunəsi idi.
Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən Pyotrun bu əməli sonradan Azərbaycan xalqının taleyində dərin izlər buraxmışdır. Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40 min erməni Azərbaycanın müxtəlif hissələrinə köçürülmüşdür. 1929-cu ildə Ədirnə sülhünə görə isə Osmanlı İmperiyasında yaşayan 90 min erməni Naxçıvan, İrəvan və Qarabağda məskunlaşdırılıb. Ümümilikdə isə 1828-1920-ci illər ərzində Azərbaycana 560 min erməni köçürülmüşdür. Bu öncədən düşünülmüş planlı köçürmə siyasəti idi. Çünki gəlib torpağımızda məskunlaşan azğın düşmənlər sonradan xalqımıza qənim kəsilməyə başladılar. Hər fürsətdə öz murdarlıqlarından geri qalmırlar və əllərinə fürsət düşdükcə xalqımıza, dinc əhaliyə divan tuturlar.
90-cı illərin əvvəlllərində baş verən özbaşnalıqlar isə xalqımıza sağalmaz yaralar vurdu. Ard-arda torpaqlarımızın işğalı, Xocalı soyqırımı, öncədən düşünülmüş iyrənc planlar yurdumuzu param-parça etdi. Lakin Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycan xalqını bu canavarların əlindən ala bildi. Böyük siyasətçi, dahi lider, əvəzolunmaz şəxsiyyət, xalqın xilaskarı, millətini, yurdunu daim tərəqqiyə doğru aparan Heydər Əliyev hakimiyyətdə olan dövrdə xalqımıza, dövlətimizə, müstəqilliyimizə sonsuz töhfələr bəxş etdi.Bu dahi şəxsiyyətin bizə bəxş etdiyi ən böyük uğur isə özündən sonra onun yolunu davam etdirən Cənab Prezidentimiz,Ali Baş Komandan –İlham Əliyev oldu.
Müasir və müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir.
İkinci Qarabağ müharibəsi,Vətən müharibəsi və “Dəmir Yumruq” əməliyyatı adı ilə dünyaya səs salan tarixi uğurumuzun ən böyük qəhrəmanları başda Ali Baş Komandanımız olmaqla,öz canından keçən və keçməyə hər an hazır olan vətən övladlarıdır.Bu qələbə bütün dünyaya bir daha sübut etdi ki Azərbaycan xalqı nələrə qadirdir.
Münaqişə 2020-ci ilin sentyabrın 27-də səhər saatlarında Birinci Qarabağ müharibəsində yaradılmış təmas xətti boyunca baş vermişdir.Bu çətin,keşməkeşli dövrdə 44 günlük hərbi əməliyyatlar nəticəsində 30 ilə yaxındır ki, həsrətlə yolumuzu gözləyən doğma torpaqlarımıza qovuşduq.
Lakin bu qələbə heç də itkisiz olmadı.Düşmənin atdığı artilleriya zərbələri nəticəsində çoxlu sayda dinc əhali həlak oldu.Döyüş təkcə səngərdə getmədi,azğın düşmənin əlinin çatdığı hər yerdə getdi.Şükürlər olsun ki,Ali Baş Komandanın da başçılığı ilə o günlər geridə qaldı. Bu uzun illər Prezidentimiz dövlətimizin iqtisadiyyatı, şəhərlərimizin firavanlığı, hərbi gücümüz yolunda durmadan çalışmışdır. Dünyada erməni lobbisinə qarşı mübarizə aparmışdır. Dövlətimizin imicini və siyasətini prezidentimiz elə qurmuşdur ki, biz onun bəhrəsini müharibə vaxtı gördük. Respublikamızda çox böyük quruculuq işləri aparılmışdır. Bu işləri saymaqla bitən deyil. Rayonlarımızı, şəhərlərimizi ,əsasən də, Bakı şəhərini gəzdikdə insan özünü xoşbəxt hiss edir ki, bu ölkənin vətəndaşıdır. Ən əsası dövlət idarəediciliyində yeniliklər, əliəyri məmurların ifşa olunması-bütün bunlar bizə gələcəyə ümidlə baxmağımız üçün stimul verir və gələcəyimizin işıqlı olmasından xəbər verir.
44 günlük vətən müharibəsi zamanı prezidentimizin tək başına xarici mediya qarşısına çıxması, hər bir dövlətin mediyasına öz dilində cavab verməsi bizim xalqı fərəhləndirirdi. Bir çox respublikalar arzulayardılar ki, onların da belə bir prezidenti olsun. Biz öz Prezidentimizlə fəxr edirik və hər zaman Prezidentimiz İlham Əliyevi dəstəkləməyə hazırıq.
Bu da danılmaz həqiqətdir ki, Vətən müharibəsində daima xalqın yanında olan,öz çıxışları ilə hər kəsi ruhlandıran Cənab Prezidentimiz İlham Əliyev zəfər paradındakı çıxışı ilə bu şanlı qələbəmizə sanki möhür vurdu.”Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. Mən demişəm ki, bizim hər birimiz bu işdə fəal olmalıyıq. Biz düşmən tərəfindən dağıdılmış şəhər və kəndlərimizi birlikdə bərpa edəcəyik. Bizim iradəmiz də var, imkanlarımız da var.”-deyən Ali Baş Komandan bu möhtəşəm qələbə paradında da hər kəsi qürurlandırdı.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların – BMT-nin, NATO-nun, ATƏT-in kürsülərində inamlı, cəsarətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə qətiyyətlə qoruyur, müstəqil xarici siyasət yürüdür. Qlobal böhranlardan çıxış yolları axtarışında onun fikrinə, rəyinə hörmətlə yanaşılır.
Var olsun Ali Baş Komandan,var olsun yurdumuz,var olsun vətənin hər qarışını göz bəbəyi kimi qorumağı özünə borc bilən oğullarımız,var olsun övladını bu vətən uğrunda şəhid verib hələ də “Vətən sağ olsun” deyən analarımız və atalarımız,var olsun hər bir cəhddə vətənə dayaq olan yurddaşlarımız!
Yaşa Azərbaycan...Yaşa doğma yurdum...Çiçəklən gündən-günə ,odlar diyarım...
Aygün Əzizova Ələfsər qızı
Nizami rayonu 251 № li tam orta
məktəbin direktoru.