Müdrik siyasət- Qarabağ Zəfəri

Təhsil Nazirliyinin dəstəyi, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşəbbüsü və təşkilatçılığı ilə “Müdrik siyasət-Qarabağ Zəfəri” mövzusunda referat yazı müsabiqəsinin yekunlarına həsr olunmuş elmi konfrans keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan əsgərinin qəhrəmanlığının tərənnüm edilməsi və şəhid olanların xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, məktəblilərə milli həmrəylik və qəhrəmanlıq kimi ülvi hisslərin aşılanması, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsindən ibarətdir.
Bildirilib ki, müsabiqənin paytaxt rayonlarında keçirilən I mərhələsində 316 təhsil müəssisəsindən 1 879 şagird iştirak edib və onlar 18 mövzu üzrə referatlarını təqdim ediblər. İlkin mərhələdə 125 şagird qalib adına layiq görülüb, onlar diplom və hədiyyələrlə mükafatlandırılıblar. Müsabiqənin Bakı şəhər mərhələsində 33 şagird qalib gəlib.
Müsabiqədə məktəbimizin 10-cu sinif şagirdi Nəzrin Hüseynova iştirak etmiş və uğurlu nəticə göstərərək adını qalib 33 şagirdin sırasına yazdırmışdır. Bu münasibətlə şagirdimizi təbrik edirik, Azərbaycan dili və ədəbiyyat müəllimi Bədəlova Gülnarə xanıma təşəkkür edirik.