İbtidai sinif şagirdlərinin vətəndaşlıq tərbiyəsində məktəbin və valideynin rolu
Leyla Sadıqova
Nizami rayon 251№-li tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini.
E-mail: [email protected]
Açar sözlər: ibtidai sinif, şagird, vətəndaşlıq, tərbiyə, müəllim, valideyn.
Hər bir insanın-vətəndaşın formalaşması ailədən başlayır, məktəbdə tədris-təlim prosesində davam edir-təkmilləşir. Buna görə də təlimin bünövrəsini qoyan ibtidai sinif müəlliminin fəaliyyətindən, şəxsi nümunəsindən çox şey asılıdır.
Heç də bütün valideynlər ideal olmurlar, pedaqoji biliyə malik olmurlar.
Böyüməkdə olan gənc nəslin təlim-tərbiyəsində onu əhatə edən cəmiyyətin, mühitin rolu böyükdür. Balaca uşağa “bunu etmək olar, onu etmək olmaz” deməkdənsə, həyatda ona canlı nümunə olmaq çox vacibdir.
Hal-hazırda sinif müəlliminin verdiyi nəzəri bilikləri əsaslandırmaq üçün çox gözəl məqam yaranmışdır. Xalqımız özünün 100 illik tarixində ilk dəfə öz torpaqlarını 30 ildir işğal altında saxlayan erməni qəsbkarlarından azad edir. Şanlı ordumuz öz qanı, canı ilə tarix yazır. Balacalar da böyüklər kimi hər axşam televizor ekranından fəxrlə verilən şad xəbərləri eşidirlər. Bu, əzmkarlığı, ruh yüksəkliyini yaşayan, gözü ilə görən balaca vətəndaşlarımıza əvəzolunmaz vətənpərvərlik dərsidir. Qəhrəman şəhidlərimizə qoyulan ümumxalq dəyəri müəllimlər, valideynlər tərəfindən onların başa düşəcəyi tərzdə xüsusi vurğulanmalıdır. Müəllim keçdiyi hər bir vətənpərvərlik mövzusunu bu günlə əlaqələndirmək və şagirdinə əyani misallarla sübut etmək şansı qazanmışdır. Şagird necə ailədə böyüməsindən asılı olmayaraq, ətrafında baş verən bu hadisələrə biganə qala bilməz. Hər kəndimiz, hər rayonumuz alındıqca ətrafda böyüklərin necə bayram etdiklərini görmək onlara vətən sevgisi, torpağın qədrini bilmək, millətini tanımaq hisləri aşılayır.
Şagird istər azərbaycan, istərsə də rus bölməsində təhsil almasından asılı olmayaraq öz ana dilini sevməlidir. Bu əsas amildir ki, buna uzun illər məhəl qoyulmayıb. Vətən sevgisi uşaq dil açandan başlayır. Öz dilinə, öz valideyninə, öz kəndinə, şəhərinə və nəhayət, öz vətəninə hörmət qoymaq hələ körpə yaşlarından başlayır. Məktəbdə bu hislər cilalanır və düzgün istiqamətləndirilir. Məktəbdə ibtidai siniflər səviyyəsində əmək qabaqcılları, müharibə veteranları ilə görüşlər, tarix muzeyinə səyahət müəllimin xüsusi şərhi ilə müşayiət edilməlidir. Xüsusən, oğlan uşaqlarında bu hisslər qəhrəman əsgərlərimizin nümunəsində vaxtlı-vaxtında aşılanmalıdır. Şəhid analarının öz övladları barədə söhbətləri onlarda anaya məhəbbət hissini gücləndirəcək. Böyüklərə hörmət, kiçiklərə qayğı, insani hissləri aşılayacaq.
Ana dili dərslərində dilimizə, torpağımıza aid dərslər bugünkü hadisələrin timsalında öz yerini düzgün tapmalıdır. Musiqi dərsləri vətənpərvərlik ruhunda keçməlidir. Onda balaca şagirdlər daha həvəslə mahnıları, himnimizi ifa edəcəklər.
Fiziki tərbiyə dərslərində müəllim fiziki hazırlığın, sağlam və güclü olmağın sirlərini öyrətməklə yanaşı, bunun nə üçün lazım olduğunu şagirdə izah etmək lazımdır. Bu zaman yalnız qalib idmançılarımızı deyil, həm də qəhrəman döyüşçülərimizi misal göstərmək lazımdır. Hərbi xidmətə getmək, vətənin keşiyində dayanmaq üçün digər bilik və bacarıqlarla yanaşı, idmanın da nə qədər önəmli olmasını başa salınmalıdır. Bunun üçün də mütəmadi olaraq, “ Böyüyəndə kimə oxşamaq istərdim” mövzusunda onların yaşına uyğun diskussiyalar, debatlar təşkil olunmalıdır ki, şagird öz sözünü deyə bilsin, özünü ifadə etsin. Bayraq meydanına “Şəhidlər xiyabanı”na ekskursiyalarda yerli-yerində məlumatlar daha effektiv olur. Bu zaman valideynlərin də iştirakı yaxşı nəticə verir. Cəmiyyətimiz üçün yararlı vətəndaş, xalqımız üçün qəhrəman övlad, vətənimiz üçün əzmkar, xilaskar yetişdirmək hər bir müəllimin borcudur. Bu bir şərəfdir ki, məhz biz bu yolu seçmişik! Uşaqlar bizim gələcəyimizdir!