I sinfə şagird qəbulu davam edir
Azərbaycan Respublikası təhsil nazirinin 19 fevral 2016-cı il tarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə 1 mart 2016-cı il tarixdən başlanılmışdır.Uşaqların I sinfə qəbulu prosesi 15 sentyabr 2016-cı il tarixinədək davam edəcəkdir.Hazırda mektebeqebul.edu.az saytı vasitəsilə 35176 valideyn övladlarının I sinfə qəbulu ilə bağlı elektron qeydiyyatdan keçmişdir. 29617 nəfər valideyn məktəb, lisey və gimnaziyalara sorğu yerləşdirmişdir. Onlardan 25921 nəfəri övladlarının təhsil alması üçün ümumtəhsil məktəblərini, 3696 nəfəri isə lisey və gimnaziyaları seçmişdir (lisey və gimnaziyaların I sinfinə elektron qəbul yekunlaşıb).Bu günə olan rəsmi məlumata əsasən, 18088 nəfər oğlan, 15889 nəfər qız I sinfə qəbul üçün elektron sistemdə qeydiyyatdan keçirilmişdir. Onlardan 2894 nəfəri 6 yaşı tamam olmayanlardır. I sinfə qəbul üçün sorğu yerləşdirilmiş uşaqların arasında yaşı tamam olmayanlarla yanaşı məktəbə müraciət yaşı gecikmiş uşaqlar da mövcuddur. Belə ki, 30 nəfər 8 yaşdan yuxarı uşaq üçün mektebeqebul.edu.az saytı vasitəsilə müraciət edilmişdir.I sinfə elektron qeydiyyat başlayan tarixdən etibarən qeydiyyatdan keçmə prosesi və texniki məsələlərlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə və bu məsələ ilə bağlı yaradılmış komissiyalara müraciətlər olmuşdur.