“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirildi
Aprel ayının 6-sı Azərbaycan Texniki Universitetində “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi. Azərbaycan Respublikasının Himni ilə başlayan tədbiri giriş sözü ilə açan Universitetin rektoru Havar Məmmədov bu mərhələyə keçmiş şagirdləri təbrik etdikdən sonra Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra rektor Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyevaya müsabiqənin yekun mərhələsinin keçirilməsi üçün məhz bu universitetin seçildiyinə görə təşəkkürünü bildirdi.Havar Məmmədov belə müsabiqələrin əhəmiyyətindən danışaraq onların ənənə halını alması təklifini irəli sürdü.Daha sonra çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva Azərbaycan Texniki Universitetin rəhbəri və kollektivinə müsabiqəsin keçirilməsi üçün yaratdığı şəraitə görə təşəkkür etdi. Müsabiqənin gedişatından danışan müdir sürətlə inkişaf edən dünyanı texnologiyasız təsəvvür etməyin mümkün olmadığını, buna görə də istedadlı və bacarıqlı uşaqların üzə çıxarılmasının vacibliyini qeyd etdi. Bu sahədə yerli mütəxəssislərin məhz bu Universitetdə yetişdirildiyini deyən Məhəbbət xanım final mərhələsinin keçirilməsi üçün buranın təsadüfi seçilmədiyini bildirdi.Qeyd edək ki, adıçəkilən müsabiqə Bakı şəhər məktəblilərinin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 yanvar 2016-cı il tarixli 12 nömrəli əmri ilə elan edilmişdir.Bakı şəhəri ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin təhsil müəssisələrində təşkil edilən birinci mərhələsi 22 yanvar-12 fevral 2016-cı il tarixlərində, Bakı şəhərinin rayonları üzrə ikinci mərhələsi isə 15 fevral-05 mart 2016-cı il tarixlərində keçirilmişdir.Müsabiqənin əsasnaməsinə əsasən tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq fizika fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirmişlər. Qaliblər ekspert qrupu tərəfindən 5 bal sistemi ilə müəyyənləşdirilmiş, çox bal toplayan komandalar qalib hesab olunmuşdur.Tədbirdə final mərhələsində iştirak edən 24 komandanın tərkibində olan (5, 24, 26, 38, 45, 70, 72, 83, 106, 129, 144, 158, 160, 186, 189-190, 240, 243, 261, 270, 271, 275, 291, 302, 322 nömrəli məktəblərin komandaları) ümumilikdə 72 şagirdə Azərbaycan Texniki Universiteti tərəfindən Sertifikatlar təqdim olundu. Daha sonra ATU-nun Kompüter Mərkəzində müsabiqənin yekun mərhələsi başladı. Nəticələrə əsasən Sabunçu rayonu 72 nömrəli məktəb-lisey 38 balla I, Nizami rayonu 129 nömrəli tam orta məktəb 37 balla II, Nizami rayonu 70 nömrəli tam orta məktəb 36 balla III yerin sahibi oldular. 5 nömrəli tam orta məktəb 35 balla I dərəcəli diplomla, 271 nömrəli tam orta məktəb 35 balla II dərəcəli diplomla, 291 nömrəli Ekologiya liseyi 29 balla III dərəcəli diplomla təltif edildilər. 270, 189-190, 38 və 24 nömrəli tam orta məktəblər isə xüsusi diplomlara layiq görüldülər.Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldılar.