“Bilik günü” qeyd olunub
Paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.
Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər, şagirdlər, tanınmış təhsil və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.
“Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Bildirilib ki, ilk dərs məşğələsinin ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunması şagirdlərin tədris ilinə daha həvəslə başlamasına şərait yaradır.
Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib.
Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 844 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.
Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 48 000-dən çox şagird elektron qeydiyyatdan keçib.