Təhsil işçilərinin respublika konfransı başa çatıb
Sentyabrın 11-də təhsil işçilərinin respublika konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb.
Konfransda Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, yerli təhsili idarəetmə qurumlarının və ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, təhsil ekspertləri, media qurumlarının rəhbərləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Əvvəlcə tədbirdə “Təhsil” televiziyasının 2018-2019-cu tədris ili ilə bağlı hazırladığı videoçarx nümayiş olunub.
Təhsil naziri Ceyhun Bayramov iştirakçıları salamlayaraq konfransın işinə uğurlar arzulayıb.
Hesabat məruzəsi ilə çıxış edən Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan Təhsil naziri YUNİSEF və Avropa Birliyinin maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə də toxunub. Nazir qeyd edib ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Ceyhun Bayramov qeyd edib ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-ci ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən bir qədər də artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
Təhsil nazirinin sözlərinə görə, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib ki, bu da müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar verməyə imkan verir.
İstedadlı uşaqlarla iş sahəsində görülmüş işləri vurğulayan Ceyhun Bayramov bildirib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4 qızıl, 34 gümüş və 108 bürünc medal olmaqla ümumilikdə 146 medal qazanıblar. Təhsil naziri həmçinin, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsinin cari tədris ilində genişləndirildiyini və 2140 sinifdə 47930 şagirdin təmayüllər üzrə təhsilə cəlb edildiyini söyləyib.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları nəzərə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən çox şagirdi əhatə edəcək.
Qarşıda duran vəzifə və hədəfləri konfrans iştirakçılarının diqqətinə çatdıran Təhsil naziri bildirib ki, növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən artıq şagird əhatə edilməklə məktəblərdə STEAM-ın (Təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ tədrisi) tədrisinə start veriləcək. Eyni zamanda yeni tədris ilindən ümumi təhsil müəssisələrinin X-XI siniflərində peşə təmayül siniflərinin fəaliyyətə başlaması planlaşdırılır. İlkin olaraq müxtəlif bölgələr əhatə olunmaqla 20 ümumi təhsil müəssisəsində iaşə xidməti, kənd təsərrüfatı, inşaat və məişət texnikası sahələri üzrə bacarıqların tədrisi üçün zəruri olan emalatxana və təcrübə sahələri yaradılacaq.
Təhsil naziri Ceyhun Bayramov çıxışının sonunda yeni tədris ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edərək onlara uğurlar arzulayıb.
Konfransda çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov ali məktəbə qəbul olunanlar arasında pedaqoji ixtisaslara marağın yüksək olduğunu qeyd edib, tələbələrin pedaqoji təcrübəsindən danışıb.
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev bildirib ki, son illər həyata keçirilmiş məqsədyönlü islahatlar nəticəsində təhsilin keyfiyyət göstəriciləri artmaqdadır. Bəxtiyar Əliyev vurğulayıb ki, görülən işlər Azərbaycanda təhsilin yeni inkişaf dövrünə başlamasının göstəricisidir.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, təhsil eksperti Şahlar Əsgərov uşaqların məktəbəhazırlığa cəlbini müsbət qiymətləndirib, bu sahədə görülən işlərin əhəmiyyətini diqqətə çatdırıb. Şahlar Əsgərov həmçinin, Təhsil Nazirliyi yanında yaradılan İctimai Şuranın nazirliklə cəmiyyət arasında körpü rolunu oynayacağını deyib.
Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva təhsil müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyətindən danışıb.
Daha sonra Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin gənc müəllimi Şəbnəm Uğurlu, bu il ali təhsil müəssisələrinə qəbul zamanı yüksək balla pedaqoji ixtisası seçən Fidan Əhmədova tədbir iştirakçıları ilə qazandıqları uğurları bölüşüblər.
Plenar iclasdan sonra konfrans öz işini panel sessiyalarla davam etdirib.
Panel sessiyalarda “Təhsilin məzmunu, milli və beynəlxalq qiymətləndirmə tədqiqatları”, “Qiymətləndirmədə buraxılış imtahanlarının yeni modeli: ilkin nəticələrin təhlili”, “Rəqəmsal sistemlər və səmərəli idarəetmə”, “İstedadlı uşaqlarla işin təşkili”, “STEAM-ın milli kurikulumun tərkib hissəsi kimi” və “Ümumi təhsil məktəblərində peşə yönümlü təmayüllərin tətbiqi” mövzuları müzakirə edilib.
Panel müzakirələr başa çatdıqdan sonra konfrans işini yekunlaşdırıb.
Qeyd edək ki, sentyabrın 2-dən 6-dək respublikanın müxtəlif rayon və şəhərlərində təhsil işçilərinin sentyabr konfransları keçirilib. Konfranslarda ötən tədris ilinin yekunları və yeni tədris ilinin prioritet istiqamətləri təhsil işçiləri ilə geniş müzakirə edilib, qarşıda duran vəzifələrlə bağlı tövsiyə və tapşırıqlar verilib.