BŞTİ-nin tabeliyindəki məktəblərdə 414 844 şagird təhsil alacaq
Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 414 844 şagird təhsil alacaq.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya olmaqla, ümumilikdə, 308 ümumi təhsil məktəbi; 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.
Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 21 270 ərizənin onlayn qeydiyyatı (05.09.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb. 2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.
Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib. Onlardan 44 955-i ümumi təhsil məktəblərini, 2 839-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır.
Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir. 2019-2020-ci dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri, 7 məktəbin mövcud binası sökülərək yenidən tikintisi davam etməkdədir. 1 təhsil müəssisəsində yaranmış şagird sıxlığını aradan qaldırmaq məqsədilə əlavə korpus inşa olunur.
Həmçinin Bakı şəhərində Təhsil Nazirliyi tərəfindən 58 məktəbdə cari təmir işləri davam etdirilir.
Sabunçu rayonu ərazisində şagird sıxlığının aradan qaldırılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən Kürdəxanı qəsəbəsində 960 şagird yerlik yeni məktəb binasının tikintisi nəzərdə tutulur.
39, 113, 129 nömrəli tam orta məktəblərdə əsaslı təmir işləri aparılır, 97, 101, 155 və 300 nömrəli tam orta məktəblərin köhnə korpuslarının sökülərək yenidən tikintisi davam etdirilir. 154, 205 və 208 nömrəli tam orta məktəblərin isə bütövlükdə binalarının sökülərək yenidən tikintisi həyata keçirilir.
Bundan əlavə, ehtiyac olan ərazidə daha bir yeni məktəb (161 nömrəli tam orta məktəb) binasının tikintisi başa çatdırılıb.
Həmçinin 90 nömrəli tam orta məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, yeni korpusun əsaslı təmiri, 251 nömrəli tam orta məktəb üçün isə əlavə korpusun tikintisi planlaşdırılır.
Ümumi təhsil məktəblərinin təmir-tikinti işləri son illərdə davamlı olaraq həyata keçirilir və bu işlər ümumilikdə, təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına, tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edir.