Payız tətili ekskursiyaları
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəbləri şagirdləri üçün payız tətili müddətində çoxsaylı maarifləndirici tədbir və ekskursiyalar təşkil olunub.
BŞTİ-nin təşkilatçılığı ilə tətil günlərində məktəblilər Xalq Təhsili Muzeyinə ekskursiya ediblər. Şagirdlər muzeydə qabaqcıl təhsil müəssisələri və müəllimlər barədə məlumatlandırılıb, eyni zamanda, tədris prosesini əks etdirən fotoşəkillər, nadir dərs vəsaitləri və ləvazimatlar, müxtəlif illərə məxsus dərslik, proqram, əl işləri, albomlar, maketlər və digər eksponatlarla tanış olublar. Fərqli yaş qruplarının tələbatına uyğun təşkil olunan ekskursiyalar zamanı qısa mühazirələr oxunub, yaradıcı oyunlar keçirilib.
Tətil günlərində məktəblərin və valideynlərin təşəbbüsü ilə digər tarixi məkanlara və mədəniyyət mərkəzlərinə də ekskursiyalar təşkil edilib. Belə ki, Bakı Kitab Mərkəzi, Miniatür Kitab Muzeyi, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Azərbaycan Milli İncəsənət Muzeyi və digər muzeylərə də məktəblilərin səfərləri həyata keçirilib.
Ekskursiya zamanı məktəblilər eramızdan əvvəl III-II minilliklərdən orta əsrlərə qədər dövrü əhatə edən qayaüstü rəsmlər, Qaval daşı, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları, xalçaçılıq, qədim zamanlarda yaşamış insanların həyat tərzi, onların gündəlik və döyüş geyimləri ilə yaxından tanış olublar.
Bundan əlavə, məktəblilər ekskursiyalar çərçivəsində muzeylərin kolleksiya fonduna tamaşa edib, onlara ölkə əhəmiyyətli tarixi abidələr və eksponatlar barədə ətraflı məlumatlar verilib.
BŞTİ-nin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf mərkəzləri də tətil günlərində fəaliyyətlərini davam etdirib. Bu müəssisələrdə məktəblilərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyə və yaradıcılıq qabiliyyətinin inkişafı üçün əlverişli şərait yaradılıb.
Qeyd edək ki, tətil günlərində məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.