“Bilik günü” qeyd olunub
Bu gün paytaxtın ümumi təhsil məktəblərində “Bilik günü” qeyd olunub.
Tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi və əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və əmək veteranları, tanınmış təhsil və incəsənət xadimləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açıb, məktəb məzunlarının qəbul imtahanlarındakı uğurlarından bəhs ediblər.
“Bilik günü”ndə iştirak edən BŞTİ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı təqdim etdirilib.
Tədbirlərdən sonra 5 günlük tədris həftəsi tətbiq olunan məktəblərdə şagirdlər, xüsusilə də birinci sinif şagirdləri müəllimlərlə görüşüb, sinif otaqları, dərs cədvəli ilə tanış olub, siniflərin növbəliliyi barədə məlumatlandırılıblar. 6 günlük tədris həftəsi tətbiq olunan məktəb və siniflərdə isə dərslərə cədvəl üzrə bu gündən başlanıb.
Qeyd edək ki, yeni tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə, 442 147 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 48 000-dən çox, IX sinfində 30 139, X sinfində 21 102, XI sinfində 20 379, XII sinfində 690 şagird təhsil alacaq.