15 sentyabr-BİLİK GÜNÜ
15 sentyabr 2018-ci il Bilik günü.
Məktəbin həyətində böyük canlanma var. Kövrək addımları ilə ilk dəfə olaraq məktəbə qədəm qoyan birinci sinif şagirdlərindən tutmuş sərbəst həyatın astanasında olan 11-ci sinif şagirdləri də daxil olmaqla bütün şagirdlər, müəllimlər və öz övladlarının sevincinə şərik olan valideynlər məktəbin həyətində sanki bir dalğalı dənizi xatırladırdı. Nəhayət tədbir açıq elan edilir. Meydanda fəxr və qürur hissimiz olan Azərbaycan Respublikasının Dövlət Bayrağı dalğalanır və himn oxunur.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Saleh Quliyev qonaqları salamlayır:
Xoş gördük sizləri əziz müəllimlər, sevimli şagirdlər və hörmətli qonaqlar. Bu gün ölkəmizin təhsil müəssisələrində ilk zəng səslənəcək. 3 aylıq fasilədən sonra məktəblər yenidən qaynar həyata dönür. Ənənəvi olaraq keçirilən bilik günü bütün məktəblərdə qeyd olunur. Fürsətdən istifadə edərək bu gözəl gün münasibətilə sizləri təbrik edir, dərslərinizdə, əziz müəllimlərimizə isə əmək fəaliyyətində müvəffəqiyyətlər arzu edirik.
Söz 248 №-li tam orta məktəbin direktoru Xəyyam Fərəcova verildi. Direktor çıxış etdi.
Sonra məktəbin fəxri qonaqlarına söz verildi. Çıxış edənlər müəllim və şagird kollektivini təbrik etdilər və ən səmimi arzularını bildirdilər.
Sonra söz qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərmiş məktəbimizin məzunlarına verildi. 662 balla ATU-nun müalicə işi fakultəsinin tələbəsi Qəhrəmanova Şəms, 658 bal toplayaraq ATU-nun stomatologiya fakultəsinə qəbul olmuş Hüseynov Samir və 615 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmuş Babayeva Aysel çıxış edərək müəllimlərinə təşəkkürlərini bildirdilər, şagirdlərə isə ən ülvi hislərini bildirərək onlara uğurlar arzuladılar.
Nəhayət söz fidan balalarımız olan birincilərə verildi. Onlar söylədikləri şeirlərlə hamının qəlbində fərəh hissi yaratdılar.
Tədbir həyacanla gözlənilən ilk zəng ilə sona çatdı. Şagirdlər məktəbə daxil oldular.