Tədris ilinin yekun konfransı
İyulun 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə "Ümumi təhsildə keyfiyyət ili"nin yekunlarına həsr olunmuş konfrans keçirilib.
“Keyfiyyətin təminatı: Məktəb idarəetməsi və qiymətləndirmə” adlı konfransda təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, ekspertlər, təhsil müəssisələrinin rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Konfransın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində məktəb idarəediciləri və təhsilverənlərin iştirakı ilə təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri, tədris ili ərzində görülmüş işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, səmərəli məktəb idarəetmə modelinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirməkdən ibarətdir.
Konfransda çıxış edən təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifəsini icra edən Məhəbbət Vəliyeva 2017-2018-ci tədris ilinin yekunları və növbəti dərs ilində qarşıda duran vəzifələr barədə məlumat verib. M.Vəliyeva şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, onların biliyinin qiymətləndirilməsi, davamiyyət, təlim-tərbiyə prosesinin keyfiyyəti, təhsildə dəyərlər amili, şagirdlərin I sinfə qəbulu, məktəbəhazırlıq qruplarının təşkilinin əhəmiyyəti barədə danışıb. Həmçinin, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə toxunub.
Həmçinin, nazir müavini təhsil sahəsində beynəlxalq əlaqələri genişləndirmək, ümumi təhsildə qiymətləndirmə prosesində daxili və xarici keyfiyyət təminatını təkmilləşdirmək, müvafiq Avropa təcrübəsini bölüşmək məqsədi ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində “Məktəb idarəetməsi” mövzusunda keçiirlən beynəlxalq seminarların əhəmiyyətindən bəhs edib.
Daha sonra məktəb direktorları və ekspertlər tərəfindən məktəbdaxili monitorinqin təşkili və idarəedilməsi, məktəbdaxili qiymətləndirmənin nəticələrindən idarəetmədə istifadə olunması, qiymətləndirmə vasitələri və onların hazırlanması, məktəbdə psixoloji xidmətin təşkili və sağlam psixoloji mühitin rolu, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.
Müzakirələrdə müxtəlif məsələlərlə bağlı təkliflər irəli sürülüb, müvafiq mövzular ətrafında müzakirələr aparılıb.