“Qala Dövlət Tarix-Etnoqrafya Qoruğu”na ekskursiya
09.05.2018-ci il tarixdə 248 saylı məktəbin 2 a sinif şagirdləri, Gültəkin Adıgözəlovanın rəhbərliyi altında Qala Dövlət Tarix-Etnoqrafya Qoruğuna ekskursiya təşkil etdilər. Muzey kompleksində uşaqlar milli tariximiz və əcdadlarımızın gündəlik həyat tərzi ilə tanış oldular. Azərbaycanın tarixi keçmişinin qorunub saxlanılmasını əks etdirən, açıq səma altında yaradılmış bu kompleksdə eramızdan əvvəl III minillikdən bu günə qədər, Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları, qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr canlı olaraq qorunub saxlanılmışdır. Şagirdlərin diqqətini cəlb edən amillərdən biri də məişət tullantılarından, lazımsız əşyalardan istifadə olunaraq, hazırlanmış sənət əsərlərinin təqdim edildiyi sərgi oldu. Sərgidə şagirdlərə ətraf mühiti təmiz saxlamağın vacibliyi, onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirmək və s. kimi söhbətlər aparıldı. Ekskursiyanın sonunda şagirdlər, qülləsinin hündürlüyü 13,8 m olan Qala qəsrinə qalxaraq maraqlı şəkillər çəkdirdilər və xoş təəsüratlarla geri döndülər.