“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və saytın idarə edilməsində məsul olan şəxslər iştirak edib.
Bakının 12 rayonunu əhatə edən ümumi təhsil müəssisələri arasında Binəqədi rayonu üzrə 283, Sabunçu rayonu üzrə 72, Xətai rayonu üzrə 171, Nərimanov rayonu üzrə 57, Pirallahı rayonu üzrə 186, Qaradağ rayonu üzrə 195, Suraxanı rayonu üzrə 232, Xəzər rayonu üzrə 230, Nəsimi rayonu üzrə 247, Nizami rayonu üzrə 145, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 173 nömrəli tam orta məktəblər Münsiflər heyəti tərəfindən “Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri seçiliblər.
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqə qaliblərini təbrik edib və bu müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb.
M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu bildirib.
İdarə müdiri bütün məktəb saytları üzrə müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsinin, məktəb haqqında göstəricilərin hazırki vəziyyətə uyğunlaşdırılmasının zəruriliyini nəzərə çatdırıb. Məktəb saytlarında şagirdlər və müəllimlərin fəaliyyətilə bağlı yeni bölmələrin açılması, operativliyin artırılması və maarifləndirici xarakterli məqalələrin yerləşdirilməsini tövsiyə edib.
Qalib məktəb direktorları məktəb saytlarının müvafiq meyarlara uyğunlaşdırılması istiqamətində görülmüş işlərdən danışıb və müsabiqənin təşkilinə görə təşəkkürlərini bildiriblər.
Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, “Ən yaxşı məktəb saytı” müsabiqəsi 2017-2018-ci tədris ilinin əvvəlindən start götürüb. Müsabiqə üzrə tədris ili ərzində 2 dəfə qaliblərin müəyyənləşdirilməsi nəzərdə tutulub.