Məktəb saytlarını idarə edən şəxslər üçün təlimlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib.
Təlimlər noyabrın 20-dən dekabrın 4-dək BŞTİ-nin hər bir rayonun məktəbləri üzrə ayrılıqda təşkil olunub.
BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoru tərəfindən keçirilən təlimlərin əsas məqsədi məktəb saytlarının daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasını təmin etməkdən ibarətdir.
Təlimlərdə iştirakçılar məktəb saytlarında edilən əlavə və dəyişikliklər, texniki yeniliklər barədə geniş məlumatlandırılıblar. Onlara saytlardakı müvafiq bölmələrin keyfiyyət və məzmun baxımından zənginləşdirilməsi, xəbərlərin və məktəbə aid digər məlumatların yenilənməsinə dair müvafiq tövsiyə və tapşırıqlar verilib.
Həmçinin, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri arasında keçirilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi barədə məlumat verilib. Bildirilib ki, qaliblər paytaxtın hər rayonu üzrə 1 məktəb olmaqla, tədris ili ərzində iki dəfə Münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqə qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Daha sonra məktəb saytlarının fəaliyyətinin müvafiq tələblər səviyyəsində təşkili məsələsinin əhəmiyyəti və bu istiqamətdə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
Təlimlərdə səsləndirilən təklif, tövsiyə və tapşırıqlar ümumiləşdirilərək ümumi təhsil məktəblərinin rəhbərlərinə göndəriləcək.