“Milli - mənəvi dəyərlərimiz milli sərvətimizdir” mövzusunda müşavirə keçirilib
27 noyabr 2015 – ci il tarixində 276 saylı məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri üzrə yerli idarələri ilə birlikdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin şəhər müşavirəsi keçirilib. Qeyd edək ki, müşavirə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bilik Günündə Bakıdakı 148 nömrəli tam orta məktəbin açılış mərasimindəki nitqindən irəli gələn vəzifələrin icrası barədə” Təhsil naziri Mikayıl Cabbarovun imzaladığı əmrə əsasən “Milli - mənəvi dəyərlərimiz milli sərvətimizdir” mövzusunda keçirilib. Müşavirədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Gənclər və İdman Nazirliyinin Bakı şəhəri üzrə yerli idarələrinin rəisləri, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri üzrə yerli idarələrinin rəisləri və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.Tədbirdə BŞTİ – nin müdir müavini əsas məqsədin məktəbdə təhsilin inkişaf istiqamətləri, xüsusilə uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi barədə irəli sürülmüş vəzifələrin yerinə yetirilməsini təmin etmək olduğunu bildirərək milli - mənəvi dəyərlər mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəsində milli - mənəvi dəyərlər və vətənpərvərlik, bəşəri dəyərlər, dövlətçilik və dil məsələlərinə geniş yer verən H.Əsgərov ulu öndər Heydər Əliyevin hər zaman milli - mənəvi dəyərlərimizə yüksək qayğı və diqqət göstərdiyini bildirmiş, bu qayğı və diqqəti hazırda prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğulayıb. Tədbirin əhəmiyyəti barədə geniş danışan Hüseyn Əsgərov onu da bildirib ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun milli - mənəvi dəyərləri və bu müstəvidə yüksək mənəvi dəyərlər sisteminə malik olmasıdır. Onun sözlərinə görə, bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəməxsus adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edir. Sonda Hüseyn Əsgərov ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin dilimiz haqqında söylədiyi fikirlərlə məruzəsini yekunlaşdırıb.Tədbirdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Binəqədi rayon idarəsinin rəisi Mehman Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, 291 saylı məktəbin direktoru Sevinc Orucova, 18 saylı məktəbin direktoru Rəna Süleymanova, 284 saylı məktəbin direktoru Nizami Novruzov da çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.