“Məktəb seminarları”nın növbəti sessiyaları keçirilib
2017-2018-ci tədris ili üzrə “Məktəb seminarları”nın sayca 11-ci sessiyaları təşkil olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən sessiyalar Binəqədi rayonunun ümumi təhsil məktəblərini əhatə edib. Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri, valideyn icmasının təmsilçiləri iştirak ediblər.“Məktəb seminarları” layihəsinin 3-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təsdiq edilmiş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, yeni layihələrin icrası, təmayülləşmənin tətbiqi, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri, müəllim-şagird-valideyn münasibətlərinin vəziyyəti və digər müvafiq məsələlərə toxunub. Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, İlhamə Abdullayeva, Bəşarət Məmmədov, Şahin İsgəndərov və Anar Qədiməliyev tədrisin təşkili, rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, şagird nailiyyətlərinin qiymətləndirilməsi, məktəb imicinin formalaşdırılması, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar tədbirlərin təşkili və digər müvafiq mövzularda çıxış ediblər. Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda təhsil müəssisələrinin idaetməsi, məktəbdaxili metodiki işə nəzarət, müəllimlərin peşəkar inkişafı, keyfiyyətli təhsilvermənin təmin edilməsi, dərsə davamiyyətin tənzimlənməsi, şagirdlərin yerdəyişməsi, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəblərin fəaliyyətinin təbliği, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, I sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili və digər müvafiq məsələlər müzakirə olunub. Sessiyalarda qeyd olunan məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər irəli sürülüb. Qeyd edək ki, Bakı şəhəri üzrə bütün rayonları əhatə edən sessiyalara oktyabrın 9-dan start verilib.