Təhsil müəssisələrində Müstəqillik Günü qeyd edilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib.Belə ki, təhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də təhsil müəssisələrində bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub. “Müstəqilliyimiz əbədidir!”, “Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz milli sərvətimizdir”, “18 oktyabr dövlət müstəqilliyi günüdür”, “Müstəqilliyimizin 26 illiyi” və digər tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər.Tədbirlərdə çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb.Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb. Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb.Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.