Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb
Oktyabrın 2-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 2017-2018-ci dərs ili üzrə məşğələlərə start verilib. Məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə əlaqədar BŞTİ-nin nəzdindəki 20 nömrəli məktəb-liseydə tədbir keçirilib. Tədbirdə BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllimlər, valideynlər, uşaqlar və media nümayəndələri iştirak ediblər. Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra məktəbəhazırlıq qruplarında tədrisin təşkili baxımından qarşıda duran məsələlərdən bəhs edilib.Tədbirdə məlumat verilib ki, 2017-2018-ci tədris ili üçün BŞTİ-nin tabeliyindəki 263 ümumi təhsil müəssisəsində yaradılan 850-dən artıq məktəbəhazırlıq qrupuna 22 mindən çox uşaq müraciət edib.Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. 2017-2018-ci tədris tədris ilində paytaxtın ətraf qəsəbələrində yerləşən ümumi təhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşaq cəlb edilib. Bu, həmin qəsəbələrdə məktəbəhazırlıq üzrə göstəricilərin yüksəldilməsi, uşaqların birinci sinfə daha hazırlıqlı başlamasının təmin olunması və müvafiq məktəblərin tədris göstəricilərinin yaxşılaşdırılması məqsədlərinə xidmət edir.Məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri təşkil olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilmiş təlimlər məktəbəqədər təhsil üzrə ekspertlər və səriştəli psixoloqlar tərəfindən aparılıb.Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Onlar tədris vəsaitləri ilə dövlət hesabına təmin olunur.Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın 1-də başlanmalı və mayın 31-də başa çatmalıdır. Lakin 2017-cı ildə oktyabrın 1-i bazar gününə təsadüf etdiyindən məşğələlər ayın 2-dən başlayıb.