Və yaxud “El bilir ki, sən müəllimsən” necə ərsəyə gəldi? Təhsil Nazirliyinin sifarişi ilə Təhsil TV-nin çəkdiyi “El bilir ki, sən müəllimsən” adlı sosial çarx sosial şəbəkələrdə böyük rezonans yaradıb. Maraq doğurmaqla yanaşı, həm də geniş müzakirələrə səbəb olan 54 saniyəlik həmin sosial çarxın çəkilməsi üçün hətta xaricdən çəkiliş qrupu gətirildiyini düşünənlər də olub. Oyunçusu əsl müəllimlər və şagirdlər olan film Əslində isə baş qəhrəmanı müəllimlər olan bu videoçarxın “oyunçular”ı 189-190, 46, 7, 220, 229 nömrəli məktəblər daxil olmaqla, ümumilikdə 40 məktəbdən seçilib. 500 nəfərə yaxın namizəd arasından Azərbaycan dili və ədəbiyyat müəllimi Ağasəlim Əhmədov, Azərbaycan və rus bölməsində ibtidai sinif müəllimləri Rəna Abbasova və Yevgeniya Butiryova, ingilis dili müəllimi Aynur Hüseynova, musiqi müəllimi İradə Axundova, kimyaçı Dürdanə müəllim, riyaziyyat müəllimi Nəzakət Sultanova, fiziki tərbiyə müəllimi Hüseyn Hüseynov, rus dili və ədəbiyyatı müəllimi Nüşabə Orduxanova fərqlənərək həyatdakı rolunun videoçarxdakı obrazına çevriliblər. 1000 nəfərə qədər şagird arasında isə diqqət çəkən 189 nömrəli məktəbin şagirdi Ayan Figarova, 46 nömrəli məktəbin şagirdi Rübabə Qafarova, 309 nömrəli məktəbin şagirdləri Cəlal və Şahin, 220 nömrəli məktəbdən Arzu müəllimin məktəbəhazırlıq sinfi də əsas səhnələrdə yer alıblar. Müəllimlər baş qəhrəmanı olduğu videoçarxda həm də məsləhətçi olub. Bu peşə sahiblərinin doğru görüntüsünü yaratmaqda çəkiliş qrupuna xeyli kömək ediblər. Peşələri ilə bağlı nəyin düz, nəyin yanlış olduğunu deməklə kifayətlənməyib, hətta təkliflər də veriblər. Nəticə isə odur ki, azərbaycanlı rejissor Vüqar İslamzadə və operator Rauf Qurbanəliyevin peşəkar, prodüser İlkin Babayevin isə texniki dəstəyi, Azərbaycan müəllimləri və şagirdlərinin iştirakı ilə baxımlı, maraqlı və sıradan olmayan bir iş ortaya çıxıb. Çəkənin də, çəkilənlərin də özümüzdən olduğu videoçarxın çəkiliş prosesindən maraqlı görüntülər qalıb: həm xatirələrdə, həm də fotolarda. Əsl müəllim və şagirdlərlə 3 gün Rejissor Vüqar İslamzadə də, operator Rauf Qurbanəliyev də hesab edir ki, çəkilişlər özünəməxsus çətinliklərə baxmayaraq, onları təəccübləndirəcək qədər rahat, asan başa gəlib. İşin asan tərəfi onda olub ki, həm müəllimlər, həm də şagirdlər kamera qarşısında da elə öz gündəlik işini görüb. 3 gün çəkən çəkiliş prosesində əsas şərt o olub ki, əsl müəllim və şagirdlərlə maraqlı, geniş ictimaiyyətə xitab edən, ictimai əhəmiyyət kəsb edən və müəllimə verilən dəyəri göstərən sosial çarx çəkilsin. Bunun üçün lazım olan hər şərait yaradılıb. Müəllimlər və şagirdlər 7 nömrəli orta məktəbə dəvət edilib, orda seçilib. Uğurla keçən seçimdən sonra müəllimlər və şagirdlər kamera qarşısına keçib. “Məni də çək” Rejissorun və operatorun “asan” dediyinə baxmayın. Özünüz təsəvvür edin: sinif otaqları dar, görüləcək iş isə böyük. Təxəyyüllərdə hazırlanıb kağız üzərinə köçürülən ideyanı gerçəkləşdirmək elə də asan olmayıb. Çəkiliş üçün 229 nömrəli məktəbdə hazırlıq görülüb. Kameralar, işıqlar, ağır texniki avadanlıqlar məktəbin ənənəvi görüntüsünü dəyişib. Məktəb otağı bir anda dönüb olub çəkiliş meydançası. Videoçarxa maraq elə hazırlıq mərhələsindən başlayıb. Çəkilişlərin başladığını, özü də müəllim və şagirdlərin çəkildiyini eşidənlər Təhsil TV-nin məktəbdə qurulan kiçik sinif otağından ibarət çəkiliş meydançasına axın edib. Bax, əsl çətinlik də bu zaman başlayıb. Çəkiliş üçün seçilən müəllimlərdən “Neçə saatdı elə bunun üçün gözləyirik?”, - deyəni, valideynlərin “Mənim uşağımı niyə çəkmirsiz?”, - tələb edəni, hətta müəllimlərdən belə “məni də çəkin”, - deyə israr edəni burda vəziyyəti bəzən dözülməz edib.Zaman-zaman ağız deyəni qulaq eşitmədiyi anlar olub. Bütün bu qarmaqarışıqlıqda valideynləri razı salan cavablar vermək rejissor üçün heç də həmişə asan olmayıb. Ancaq elə ki, çəkiliş anı çatdı... Diqqət, çəkiliş gedir! Qaynayan çəkiliş meydançasında səssizliyi bir az çaşqın, bir az maraqlı baxışlar müşayiət edib. Müəllimlər də, şagirdlər də kamera qarşısında özünü peşəkarlar kimi aparıb. Rejissor Vüqar İslamzadəni heyrətləndirən faktlardan biri bununla bağlıdır. Onun fikrincə, peşəkar aktyorlarla bir kadr 2-3 dəfəyə çəkilməlidir. Qaydalara görə, uşaqlarla, yaşlılarla çəkilən kadrlar üçün 5-7 dubl normal qəbul edilir. Amma bu çəkilişlərdə nəinki müəllimlər, uşaqlar belə 2-3 dubla çəkilib. Beləliklə, işığından tutmuş kölgəsinə, gündüzündən tutmuş gecəsinə qədər hər məqam, hər kadr millimetrinə qədər dəqiq hesablanıb. Hər bir epizod ən incə detalına qədər düşünülüb, sonra çəkilib. Montaj mərhələsinə hər hansı düzəliş, əlavə effekt saxlanılmayıb. Videoçarxda gördüyümüz nə varsa, hamısı çəkilənlərdir. Məsələn, fortepianoda müəllim ifa edir, şagird oxuyur. Bu səhnəni çəkərkən nə günəşin mövqeyi, nə musiqi alətinin yeri lazım olan görüntünü əldə etməyə imkan verməyib. Həmin mövqedən otağın pəncərəsi də görünmürmüş. Odur ki, operator fortepianonu sinif otağının ortasına çəkdirib. Günəş şüalarını isə otağa özünün işıqları ilə ona lazım olan istiqamətdən salıb. Elə edib ki, biz videoçarxda pianonun ortada olduğunu anlamır, şagirdin arxasından pəncərəni görürük. Çəkiliş prosesini ağırlaşdıran başlıca səbəblərdən biri istifadə edilən texnika olub. Qeyd edək ki, nəzərdə tutulan hərəkətli kadrlar üçün istifadə olunan texnika öz ağırlığı ilə seçilir. Videoçarxda, fikir vermisinizsə, bir epizoddan digər epizoda sürətli keçid edilir. Ona görə də quraşdırma işləri, bir məkandan başqa məkana keçid daha çox vaxt aparıb, nəinki çəkiliş. Ağır texnika ilə müqayisə edəndə uşaqların nə yaşca kiçik olması, nə də təcrübəsizliyi, demək olar ki, hiss olunub. Azyaşlı olduqları üçün çəkiliş vaxtı onların hər birinə fərdi yanaşma tələb olunsa da, əsasən məktəbəhazırlıq mərhələsinin uşaqlarından ibarət olan kiçik “aktyorlar” bunun öhdəsindən gəlib. Verilən taşırıqları müəllimlərinin və valideynlərinin köməyi ilə çox cəsarətlə yerinə yetiriblər. Müəllimlər isə kameranı hiss edirmiş. Hara, necə baxmaq lazımdırsa, onu dərhal tuturmuşlar. Bir sözlə, hər kəs işindən zövq alıb. Məktəbdə ev şəraiti Çəkiliş prosesindən xatirələrdə qalan səhnələr ən çox çətin alınan kadrlarla bağlıdır. Məsələn, iplə şagirdin yuxarı qalxdığı epizod nisbətən çətin, yəni 3-4 cəhddən sonra çəkilib. Qalan bütün kadrlar bir, ya da ikinci cəhddə uğurla çəkilib. Maraqlı məqamlardan biri də müəllimin axşam vaxtı uşağın dəftərinə “Afərin” yazdığı kadrdır. Əslində, həmin kadr evdə çəkilməliydi. Ancaq çəkiliş qrupu məktəbdə gecə işıqlandırması edib ev şəraiti yaratmaqla bu epizodu elə sinifdəcə çəkib. Gecəyə gündüz, gündüzə gecə effekti vermək o qədər asanlaşıb ki, artıq səmada görünən göy cisminin Ay, yoxsa Günəş olması çarxda əhəmiyyət kəsb etmir. Məsələn, videoçarxda kimya otağında çəkilən epizod axşam çəkilib. Artıq hava qaralanda kameraları işə salan operator məkanı elə işıqlandırıb ki, tamaşaçı orada gündüz olduğunu düşünür, şər qaralmaq üzrə olduğu heç ağlına da gəlmir. Çəkiliş vaxtı orada olan uşaqlar üçün isə bunu izləmək heyrətamiz olub. Yəqin ki, çəkiliş prosesinin ən maraqlı səhnəsi bu ziddiyyəti görən uşaqların çaşqınlıqları olub: maraq və təəccübü gözlərindən oxunan uşaqlar üçün şər vaxtı sinifdə necə gündüz olduğunu görmək hər halda adi deyildi. Çəkiliş başa çatdı Beləliklə, çəkiliş başa çatdı, videoçarx hazırlanıb yayımlandı. Müəllim və şagirdlərin çəkildiyi, kamera qarşısında öz həyatlarını oynadığı maraqlı bir “film” hər nüansı ilə yaddaşlarda qaldı. Qeyd edək ki, müəllim, şagird və tələbələrin iştirakı ilə 5 fərqli videoçarx çəkilib. Məktəbəhazırlıq və müəllim peşəsinin seçimi ilə bağlı olan çarxların hər biri özünəməxsusluğu ilə seçilir. Baş rolda niyə əsl müəllimlərdir? Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sosial çarxın çəkilməsi məqsədlərindən danışarkən deyib ki, müəllimin cəmiyyətdə nüfuzunun artırılması üçün bütün mümkün yollara əl atılır. İstər diaqnostik qiymətləndirmənin keçirilməsi və onun nəticələrinə uyğun islahatların aparılması, istər müəllimlərin işə qəbulu və yerdəyişməsində baş verən yeniliklər sözügedən peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılmasına, əməyinin düzgün qiymətləndirilməsinə, o cümlədən, cəmiyyətdə nüfuzunun artırılmasına xidmət edir. Artıq bir neçə ildir müşahidə olunan, müəllimlərin cəmiyyətdə artan nüfuzunun əsas göstəricisinə çevrilən məqamı da qeyd etməsək, olmaz. Qəbul imtahanlarında yüksək nəticə göstərənlər məhz müəllimlik ixtisasını seçirlər. Demək, peşə olaraq müəllimliyin nüfuzu qalxır. “El bilir ki, sən müəllimsən” adlı sosial çarx da bu istiqamətdə həyata keçirilən məqsədyönlü fəaliyyətin tərkib hissəsi olaraq hazırlanıb. Müəllim, valideyn və şagirdlərin cəlb olunduğu layihə məhz elə bu səbəbdən böyük marağa səbəb olub. C.Valehov hesab edir ki, təcrübəli aktyorlardan istifadə olunsaydı, çəkiliş daha sürətli, iş daha keyfiyyətli ola bilərdi: “Ancaq biz müəllimin missiyasını cəmiyyətə həmin peşə sahiblərinin özlərinin göstərməsini istədik. Nəticəyə baxanda bir daha əmin oluruq ki, doğru qərar vermişik”. Ruhiyyə DAŞSALAHLI