Bakı şəhəri təhsil işçilərinin “Sentyabr konfransı” keçirilib

Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, qabaqcıl müəllimlər və media nümayəndələri iştirak ediblər.Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər.Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra nazir müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramovun hesabat məruzəsi dinlənilib.C.Bayramov çıxışında I sinfə qəbulun elektronlaşdırılması, Bakı şəhərində məktəb, lisey və gimnaziyaların vahid saytlarının istifadəyə verilməsindən söz açıb. Ceyhun Bayramov Bakı təhsilində baş verən yeniliklər, təhsilin inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Nazir müavini sınaq qiymətləndirilməsindən keçməyən yeni təyin olunan və sosial məzuniyyətdən qayıdan müəllimlər üçün də yaxın aylar ərzində qiymətləndirmənin təşkil olunacağını bildirib.Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki nailiyyətlər və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq, təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb. O, dərslik çapındakı problemlərdən, bunun Təhsil Nazirliyinin diqqətində olmasından danışıb. Nazir valideyn-məktəb münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib, beynəlxalq olimpiadalar və bu sahədə tətbiq olunmuş yeniliklər barədə danışıb. Mikayıl Cabbarov öz çıxışı zamanı Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edərək direktor vəzifəsinə təyin olunmuş şəxsləri təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb. Konfranda həmçinin, Xəzər rayonu S.Abbasov adına 117 nömrəli tam orta məktəbin direktoru Vüqar Məmmədovun, 312 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Könül Heydərlinin, 7 nömrəli tam orta məktəbin valideyn icmasının üzvü Sevinc Qasımovanın və 54 nömrəli tam orta məktəbin məzunu Gündüz Osmanlının çıxışları dinlənilib.Daha sonra 42 ümumi təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərə və əldə edilmiş nailiyyətlərə görə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi