Təhsil naziri Mikayıl Cabbarovun “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə 17.07.2013 – cü il tarixli, 739 saylı əmrinə müvafiq olaraq “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”nı təmin etmək məqsədilə müsahibələr keçirilir. “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, I sinfə qəbul həmin il sentyabrın 16-dan dekabrın 31-dək 6 yaşı tamam olan xüsusi istedadlı uşaqlara şamil edilir. Uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibə rayon (şəhər) təhsil şöbəsinin nəzdində yaradılan yüksək ixtisaslı və təcrübəli mütəxəssislərdən ibarət (ibtidai sinif müəllimi, həkim, psixoloq, metodist və s.) komissiya tərəfindən uşağın tədris alacağı dildə aparılır. Komissiya xüsusi istedad amilini şərtləndirən keyfiyyətlərin aşkara çıxarılmasını təmin edən qiymətləndirmə vəsaitlərindən istifadə edir. 6 yaşı tamam olmayan xüsusi istedadlı uşaqların məktəbə qəbul olunması haqqında suallarımızı cavablandıran 176 nömrəli tam orta məktəbin psixoloqu Qəmər Bünyatova Bakı Şəhəri üzrə Təhsil İdarəsinə verdiyi müsahibəsində bildirdi ki, hər bir uşaqla müsahibə bir qayda olaraq 15-20 dəqiqə müddətində aparılır. Müsahibə zamanı uşağa zehni keyfiyyətlərinin aşkara çıxarılması üçün nəzərdə tutulmuş 4 istiqamət üzrə suallar verilir. Hər bir istiqamət üzrə cavablar 5 ballıq şkala ilə qiymətləndirilir. Ən azı 15 bal toplamış uşaq zəruri zehni keyfiyyətlərə malik hesab olunur. Komissiya müəyyən edilmiş zehni keyfiyyətlərlə yanaşı, uşağın psixoloji dayanıqlılığını, fiziki durumunu və səhhətinin vəziyyətini də qiymətləndirib yekun nəticəyə gəlir. Əgər uşaqların nitqi lazımi səviyyədədirsə, sosial, idraki, intellektual hazırlığı, məntiqi düşüncəsi, psixoloji dayanıqlığı, fizioloji vəziyyəti yol verirsə və 5 parametr üzrə ümumilikdə 15 bal toplayıbsa, həmin balacalara vaxtından əvvəl məktəbə getmək imkanı yaradılır. Müsahibimiz müraciət edənlərin kifayət qədər çox olduğunu bildirdi. Qəmər xanım, hesab edir ki, valideynlərin uşaqlarını vaxtından əvvəl məktəbə qoymaqda maraqlı olmalarının bir neçə səbəbi var: “Elə valideynlər var ki, uşağında xüsusi istedadın olduğunu görür. Övladının diqqət, qavrayış, təxəyyül, təfəkkür və hafizəsinin yaşıdlarından üstün olduğunu duyan valideynlər övladlarının məktəbə tez getməsini istəyirlər. Elə valideynlər də var ki, sadəcə məktəbə sığınacaq kimi baxırlar. İşləyən valideynlər də övladlarını bu səbəbdən məktəbə vaxtından əvvəl qoymaq istəyirlər ki, uşaq evdə tək qalmasın. Bu il xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulunu həyata keçirmək üçün 8 komissiya fəaliyyət göstərir. Bunlardan 2-si rus bölməsi üçün nəzərdə tutulub.Psixoloqun müşahidələrinə görə valideynlər uşaqların məhz istedadlı və hazırlıqlı olduğuna görə yox, sırf məktəbə tez başlaması üçün müraciət edirlər. Hətta Qəmər xanım qeyd etdi ki, bəzi valideynlər deyir ki: “Uşaq bu il məktəbə getməsə mənim planlarım pozulacaq. Əslində isə uşaqların vaxtından əvvəl məktəbə getməsi valideynlərin planlarına görə yox, həmin uşaqların məktəbə nə dərəcədə hazır olub – olmaması ilə müəyyən edilməlidir”.Komissiyanın fikrinə görə, uşaqların əlifbanı və saymağı bilməyi onların məktəbə hazır olmasının göstəricisi deyil. Bu biliklər məktəbdə öyrədilir. Uşaq ilkin məntiqi nəticə çıxarmağa, ardıcıl cümlələrlə öz fikrini ifadə etmə bacarığına, riyazi təfəkkürə və dünyagörüşünə malik olmalıdır. Ən çox problemlər isə dünyagörüşündə özünü göstərir. Övladının verdiyi müxtəlif suallara mütəmadi cavab verən valideynlərin uşaqları bu istiqamətdə verilən suallara daha yaxşı cavab verirlər.Qəmər xanım qeyd etdi ki, biz övladını vaxtından əvvəl məktəbə qoymaq istəyən valideynlərə deyirik ki, “siz uşağınızın məktəbə tez başlamasına çalışmayın. Bu halda sizin uşağınız elə bil vaxtından tez böyüyür. Uşaq öz yaşına uyğun düşünməlidir. Uşağa bu ziyandır. Yəni siz ona apara bilmədiyi yükü daşıtdırmaq istəyirsiniz.” Psixoloqumuz həmçinin, uşaqların beynini zəngli saata bənzədərək bildirdi ki, əslində uşaqlar bioloji olaraq tam şəkildə 6 yaşında təhsilə hazır olur. Məhz həmin yaş tamamlandıqda uşaqların məktəbə getməyinin daha məqsədəuyğun olduğunu bildirdi. O həmçinin, vurğuladı ki, vaxtından əvvəl məktəbə gedən uşaqlar sinifdə onlardan böyük uşaqlara çatmağa, onlarla ayaqlaşmağa görə çox güc sərf edir, beyinləri yorulur. Bu proseslər onlarda kiçik yaşlarda çox büruzə verməsə də, yeniyetməlik çağında müəyyən fəsadlar, yorğunluq, təhsilə, oxumağa həvəsin olmaması kimi mənfi hallar meydana çıxara bilər.Qeyd edək ki, avqustun 4-də yekunlaşacaq müsahibədə iştirak edən 1448 nəfər müsbət, 994 nəfər isə mənfi cavab almışdır. Qeydiyyatdan keçən 70 nəfər isə müsahibəyə qatılmamışdır. Həmçinin, təhsil nazirinin müvafiq əmrinə əsasən, bir sıra məktəblərdə fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarını bitirmiş 705 uşaq isə sertifikat əldə edərək müsabiqədənkənar I sinfə qəbul üçün müraciət etmişdir.