Paytaxt üzrə 308 məktəbdə “Yay məktəbi” təşkil olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi”nə start verilib.
Ümumi təhsil müəssisələrində təşkil olunan “Yay məktəbləri”ndə iştirak etmək istəyən şagirdlər 16-30 iyun tarixlərində məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.
Qeyd edək ki, “Yay məktəbi”ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.
“Yay məktəbi” şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.