Videotəqdimat müsabiqəsinə 150-dən artıq iş təqdim olunub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Ən yaxşı videotəqdimat” müsabiqəsinə işlərin qəbulu başa çatıb.
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Ən yaxşı videotəqdimat” müsabiqəsinə dərnək rəhbərləri 150-dən artıq iş təqdim edib.
Müsabiqə iştirakçılarının [email protected] elektron poçt ünvanına göndərdikləri təqdimatlar hazırda baxış mərhələsindədir.
Videotəqdimatlar Münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qiymətləndirilmə zamanı təqdimatın mövzuya uyğunluğu, nəzəri əsasların olması, ümumi yanaşma, məlumatın toplanması və təhlili, əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması, təqdimatın mövcud elmi biliklərin və təcrübənin inkişafına töhfəsi əsas meyarlar kimi götürülür.
Müsabiqənin yekununda ümumilikdə 6 iştirakçı (1 nəfər-I yer, 2 nəfər-II yer, 3 nəfər-III yer) qalib seçiləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq. 10 nəfər isə fəal iştirakına görə “Tərifnamə” ilə təltif ediləcək.
Qeyd edək ki, müsabiqə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilində dahi şairin irsinin öyrənilməsi və tanıdılması, eyni zamanda dərnək rəhbərləri ilə aparılan işlərin daha da gücləndirilməsi, tədrisdə müasir yanaşmaların təbliğ olunması, bacarıqlı, mütərəqqi fikir və düşüncəli dərnək rəhbərlərinin üzə çıxarılması məqsədilə təşkil edilir.