Xalqın birliyi bütün sahələrdə yeni zəfərlərə yol açır
Xalqın birliyi, özünəinamı və ölkə rəhbərliyinin siyasi kursuna verdiyi dəstək qarşısında həll olunmayacaq ümummilli bir məsələ yoxdur. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məqsədyönlü strateji siyasətin məntiqi nəticəsi kimi qəbul olunur. Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti, Azərbaycan Ordusunun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi hər bir vətəndaşın qəlbini fərəh hissi ilə doldurur. Azərbaycan torpaqlarının işğaldan azad olunması tarixi hadisə və yeni inkişaf dövrünün başlanğıcıdır. Şübhəsiz ki, qazanılan qələbə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin tərəfindən uğurla davam etdirilən siyasətin nəticəsidir. Bu ədalətli mübarizədə əldə edilən zəfər xalqımızın Qarabağ yarasına məlhəm oldu. Azad olunan ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı yenidən dalğalanır. Hazırda həmin torpaqlarda misilsiz quruculuq işləri həyata keçirilir. Sevindirici haldır ki, əldə etdiyimiz zəfər nəticəsində keçmiş məcburi köçkün vətəndaşlar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaq. Xalqımız və dövlətimiz bu uğurlara siyasi və hərbi bacarığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməsi, həmrəyliyi sayəsində, həmçinin ordumuzun əzmi və qəhrəmanlığı ilə imza ata bilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva söyləyib. O bildirib ki, Azərbaycan Ordusu xalqımızın və dövlətimizin qürur mənbəyidir. Azərbaycan bu zəfəri ilə sübut etdi ki, onun ərazi bütövlüyü uğrunda qəhrəmanlıq, fədakarlıq göstərməyə, düşməni məhv etməyə qadir olan övladları var. Düşmən üzərində mütləq qalibiyyət qazanan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgərləri döyüşlərdə böyük şücaət göstərib. Hər bir əsgərimiz öz qanı-canı bahasına şəhidlərimizin qisasını alıb, torpaqlarımızın işğaldan azad edilməsinə nail olub. Vətən üçün döyüşlərdə şəhidlik zirvəsinə ucalan və sağlamlığını itirən oğullarımız var. Dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlər də 30 ildən sonra Vətən müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı zəfərin qazanılmasında iştirak edib, vətənpərvərlik nümunəsi göstəriblər. Azərbaycan xalqı hər bir əsgərin, hər bir qazinin, Milli qəhrəmanların və Vətən müharibəsi qəhrəmanlarının əməyini yüksək dəyərləndirir, şəhidlərin xatirəsini hər zaman uca tutur, onları hörmətlə anır. Dövlətimiz tərəfindən qazilər və şəhid ailələri hərtərəfli qayğı ilə əhatə olunur. Azərbaycanda şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifahının daha da yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” Fərmanı böyük əhəmiyyət kəsb edir. Bu, xalq-ordu birliyinin, qazilərimizə və şəhid ailələrinə qayğının bariz nümunəsi, vətəndaş həmrəyliyinin hər zaman aktual olduğunu göstərən mühüm amildir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin ailələrinin və qazilərin sosial problemlərinin araşdırılması və qaldırılan hər bir məsələnin həlli üçün zəruri tədbirlərin görülməsi diqqətəlayiqdir. Müharibə zamanı ayaqlarını itirmiş qazilərin davamlı olaraq yüksək texnologiyalı protezlərlə təmin edilməsi də onların normal həyata qayıtmaları üçün vacib məsələlərdəndir. Şübhəsiz ki, şəhid ailələri və qazilərimizə qayğı diqqətdə saxlanılacaq, bu istiqamətdə davamlı layihə və tədbirlər həyata keçiriləcək.
“Qeyd edim ki, Ermənistanın davamlı təxribatı ilə başlanan İkinci Qarabağ müharibəsi dövründə informasiya cəbhəsində gedən müharibədə gənclərimiz daha çox fəallıq göstərirdilər. Onlar müstəqillik illərində dünyaya gələn, Azərbaycan təhsilinin yetirmələri olan gənclərdir. Fikrimcə, gənclərimiz hər zaman qloballaşan dünyada ölkəmizi təmsil etmək üçün özlərini inkişaf etdirməli, hərtərəfli bilik və bacarığa yiyələnməlidirlər ki, Azərbaycanın qədim, zəngin tarixini, adət-ənənələrini və ölkəmizlə bağlı digər həqiqətləri dünyaya çatdıra bilsinlər. Sevindirici haldır ki, inkişaf edən təhsilimizin yetişdirdiyi müasir Azərbaycan gəncliyində bu potensial var. Yüksək dünyagörüşünə və bacarıqlara malik gənclərin təlim-tərbiyəsində təhsil müəssisələri də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Paytaxtın ümumi təhsil müəssisələrində uşaq və gənclərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə edilməsi, onların mütərəqqi dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyüməsi istiqamətində məqsədyönlü işlər görülür. Məktəbliləri milli vətənpərvərlik ruhunda tərbiyə etmək həm davamlı fəaliyyət tələb edən, həm də olduqca məsuliyyətli işdir. Bu məqsədlə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məktəblilərin milli ideologiyamız əsasında tərbiyə edilməsi, onların əsl vətəndaş və yetkin şəxsiyyət kimi formalaşması üçün tədris ili ərzində müxtəlif tədbirlər və layihələr həyata keçirilir. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrindən 129-u şəhid, 37-si Milli Qəhrəman adını daşıyır. Məktəblərə Milli qəhrəmanların və şəhidlərin adının verilməsi şagirdlərin vətənpərvərlik tərbiyəsi işinin səmərəli təşkili baxımından olduqca böyük rəmzi məna daşıyır və gələcəyimiz olan gənclərə milli ruhun aşılanmasında böyük əhəmiyyət kəsb edir. Vaxtaşırı olaraq məktəblərdə adını daşıdıqları qəhrəmanların anım mərasimləri keçirilir, onların hamıya örnək həyat yolu gənclərə nümunə kimi göstərilir. Eləcə də təhsil müəssisələrində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi məqsədilə məqsədyönlü işlər aparılır.
Paytaxtdakı ümumi təhsil müəssisələrində Milli qəhrəmanların və şəhidlərin adlarının müxtəlif siniflərə verilməsi təşəbbüsü də genişlənməkdədir. Bir neçə ildir ki, davamlı şəkildə reallaşdırılan bu təşəbbüsün əhatə dairəsi Vətən müharibəsindəki parlaq qələbəmizdən sonra daha da artmaqdadır. Siniflərə Milli qəhrəmanların və şəhidlərin adının verilməsi, sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynayır. Belə siniflərdə oxuyan şagirdlər bütün güclərini səfərbər edərək qəhrəman və şəhidin adına layiq olmağa çalışır, tədris uğurlarını daha da yüksəltməyə səy göstərirlər. Məktəblilər yaxşı anlayırlar ki, onların vətənpərvərliyi, eyni zamanda, təhsilə olan münasibətdən başlayır. Xalqımız Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun əzmi sayəsində tariximizin ən parlaq və unudulmaz zəfərlərindən birini yaşadı. İndi bütün dünya güclü Azərbaycan Ordusunun qüdrətindən, yenilməz Azərbaycan əsgərindən, şanlı tarix yazan igidlərimizin qəhrəmanlığından danışır. Hər birimiz Vətənin bütövlüyü uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlmiş igid övladların müqəddəs xatirəsini ehtiramla anırıq. Uca Tanrıdan şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik. Həyatını Vətən naminə qurban verən hər bir övladımız Azərbaycan tarixində qəhrəman kimi yaşayacaq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, tariximizin yeni dövrü bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də qarşımıza yeni vəzifələr qoyub. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər sahədə parlaq zəfərlərə imza atmaqda davam edəcək, bölgənin və dünyanın nüfuzlu dövləti olaraq bundan sonra da sabitlik və inkişaf nümunəsi kimi qəbul olunacaq”, - deyə Mehriban Vəliyeva bildirib.
Bakı, 9 mart, AZƏRTAC