Paytaxtda V-IX siniflər üzrə əyani dərslər bərpa olundu
Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.
BŞTİ-nin rəhbərliyi və əməkdaşları təhsil müəssisələrində əyani tədris prosesinin təşkili vəziyyəti ilə tanış olub.
Bakıda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.
Qeyd edək ki, əyani tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.
Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.
Onu da qeyd edək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I-IV siniflərində 182 018, V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə 1 845 şagird təhsil alır, məktəbəhazırlıq qruplarına isə 27 122 uşaq cəlb olunub.