Məntiq Olimpiadasının qalibləri ilə görüş keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının yekunlarına həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və müsabiqənin qalibləri iştirak ediblər.

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Müsabiqə iştirakçılarını təbrik edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva dünya şöhrətli azərbaycanlı alimin elmin inkişafına verdiyi töhfələrindən danışıb. Bildirib ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Onun elm aləmində ən çox qeyri-səlis məntiq nəzəriyyəsi ilə tanındığını bildirən M.Vəliyeva bu gün dünya elmində Lütfi Zadənin altı mühüm nəzəriyyəsinin elm və istehsalatda geniş şəkildə tətbiq olduğunu da diqqətə çatdırıb.

İdarə müdiri istedadlı şagirdlərin seçilib müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının təşkilinin mühüm əhəmiyyətindən bəhs edib.

Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev, şagirdlərin məntiqi təfəkkür vərdişlərinin, düşüncə tərzi, diqqət, qavrama və nitq kimi vacib bacarıqlarının inkişafına əlverişli şərait yaratmaq, məntiqi biliklərinin artırılmasına təkan vermək baxımından bu kimi olimpiadaların keçirilməsini yüksək dəyərləndirib.

Daha sonra görkəmli alim Lütfi Zadə və Məktəblilərarası V Məntiq Olimpiadasından bəhs edən videoçarxlar nümayiş olunub.

Görüş ədəbi-bədii kompozisiyalarla davam edib.

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar hazırlanmış xüsusi proqram təminatı vasitəsilə onlayn qaydada təşkil edilən olimpiadanın final mərhələsində paytaxtın ümumi təhsil məktəbləri üzrə 204 məktəbli iştirak edib.

 Finalda ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi olub.

Olimpiada qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Finalda iştirak edib yer qazana bilməyən  şagirdlərə isə iştirakçı sertifikatı təqdim ediləcək.

Onu da qeyd edək ki, Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının qalibləri fevralın 3-də görkəmli elm xadimi, dünyaşöhrətli alim Lütfi Zadənin qəbirüstü abidəsini ziyarət edib, onun məzarı önünə gül dəstələri qoyublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi