"Sabahın alimləri" X Respublika Müsabiqəsi
2021-ci ilin fevral ayında IX-XI sinif şagirdləri üçün “Sabahın alimləri” X Respublika Müsabiqəsinin keçirilməsi planlaşdırılır.
Müsabiqədə iştirak etmək üçün şagirdlər artıq “Sabahın alimləri” saytında onlayn qeydiyyatdan keçərək layihələrini təqdim ediblər. Qeydiyyatdan 226 layihə keçsə də, pandemiya şəraiti səbəbindən müsabiqəyə 154 layihə təqdim olunub. Hazırda layihələr Elmi Ekspertiza Komitəsi tərəfindən yoxlanılır. Müsabiqəyə buraxılan layihələrin siyahısı və müsabiqənin keçirilməsi barədə əlavə məlumatlar “Sabahın alimləri” saytında elan ediləcək.
Qeyd edək ki, 2012-ci ildən başlayaraq Azərbaycanda “Sabahın alimləri” Respublika Müsabiqəsi keçirilməyə başlanılıb. Müsabiqə İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilir. Müsabiqənin məqsədi ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsidir. Müsabiqədə qiymətləndirmə 8 kateqoriya (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilir.
Azərbaycan məktəbliləri Intel ISEF-də iştirak etdiyi 9 il ərzində bir dəfə müsabiqənin əsas mükafatlarından birini, beş dəfə xüsusi mükafatlar qazanıblar. O cümlədən, 2012-ci ildə Təhsil Nazirliyinin tabeliyindəki akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Elxan və Orxan Məmmədovlar Tədqiqatçi Geofiziklər Cəmiyyətinin xüsusi mükafatına (mükafat $ 1000), 2016-cı ildə Bakı Avropa liseyinin şagirdləri Arzu Məmmədova və Nərmin Aydarova İntel İSEF-in əsas mükafatlarından biri olan IV yerə (mükafat $500) və akademik Zərifə Əliyeva adına liseyin şagirdləri Mədət Sərdarlı və Nigar Sərdarlı Qətərin Tədqiqatlar və İşləmələr Fondunun xüsusi mükafatına (mükafat $ 1000), 2017-ci ildə Bakı şəhəri 299 nömrəli məktəb-liseyin şagirdi Elgün Alışev Qətərin Tədqiqatlar və İşləmələr Fondunun xüsusi mükafatına (mükafat $1000), 2018-ci ildə isə akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin yerinə yetirdiyi “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun yerinə yetirdiyi “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESKO-nun nəzdində Ukrayna Milli Mərkəzi-Kiçik Elmi Akademiyası tərəfindən 1000 ABŞ dolları məbləğində mükafata layiq görülüblər.