Pandemiya mövzusunda ilk dərslər keçirilib
Paytaxtın ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üçün pandemiya ilə əlaqədar olaraq, sentyabrın 15-dən mərhələli olaraq əyani (ənənəvi) və distant (məsafədən) formada tədris prosesinə start verilib. I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.
İlk dərslər I-IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr olunub.
Təhsil Nazirliyinin əmrinə əsasən keçirilən dərslər pandemiya vəziyyətində tədris prosesinin mövcud qaydalar çərçivəsində həyata keçirilməsində şagirdlərin üzərlərinə düşən məsuliyyəti onlara anlatmaq məqsədinə xidmət edir.
Müəllimlər dərs zamanı şagirdlərə COVID-19 pandemiyası ilə əlaqədar məktəblərdə davranış qaydaları, təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələri barədə geniş məlumatlar veriblər.
Həmçinin məktəblilərə koronavirus infeksiyasından qorunmaq üçün digər insanlarla ünsiyyətdə olarkən sosial məsafəni gözləmələri, əllərini tez-tez və qaydalara uyğun yumaları, başqalarının əşyalarına toxunmamaları, sinfi və məktəbi təmiz saxlamaları, kütləvi toplaşmaqdan çəkinmələri barədə müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, 2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydaları, həmçinin Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş tədris planları əsasında təşkil edilir.