Qanlı 20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi
Qanlı yanvar gecəsindən artıq 31 il ötür. 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Yanvarın 19-da 245 nömrəli tam orta məktəbdə ilk dərslər 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunub. 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycanda müstəqillik və azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə, soydaşlarımıza qarşı törətdiyi cinayətlərdən danışılıb.
Təqdim olunan musiqili bədii kompozisiyada 20 Yanvar gecəsində şəhid olanların qəhrəmanlığı məktəb şagirdlərinin ifasında xatırlandı. Uşaq ikən, gənc ikən 20 Yanvar şəhidinə çevrilən Fuad Babayev, Larisa Məmmədova, Habil Əzizov, Zahid Əliyev və digərlərinin yarıda qalan arzuları şagirdlərin ifasında təsirli səhnələrlə təqdim olundu.
Qanlı Yanvar faciəsinə həsr edilmiş inşa yazıları, referatlar, rəsm və divar qəzetləri hazırlanıb. Həmçinin məktəbin şagirdləri 20 Yanvar faciəsinə, şəhidlərə həsr olunan şeirlər söyləyərək faciəni heç zaman unutmayacaqlarını, şəhidlərin xatirəsini həmişə əziz tutacaqlarını dedilər.