Müqəddəsdir müqəddəslər içində, Öz işində bir ustadır müəllim. Halal zəhmətilə fəxr edər gundə, Biganə işlərə yaddır müəllim!

Təhsilin rolu və əhəmiyyəti qloballaşmanın getdikcə vüsət aldığı, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi, təbii resursların durmadan azaldığı çağdaş dünyamızda daha da artmaqdadır. Məhz buna görədir ki, Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi “Təhsil əsri” elan edib. Qətiyyətlə demək olar ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki kimi aktual olmayıb. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər təkmil və müasir olsa da, əgər müəllim yoxdursa, heç nədir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.Hər il oktyabrın 5-i Müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlər öz peşə bayramlarını qeyd edirlər.5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən «Müəllimlərin statusu haqqında»adlı ilk beynəlxalq sənəd imzalanmışdır.Məktəbimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlərimizi təbrik edir, gələcək işlərində uğurlar diləyirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi