PİRALLAHI MÜƏLLİMLƏRİNİN SENTYABR KONFRANSI BU GÜN MƏKTƏBİMİZDƏ KEÇİRİLDİ

Sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2014-2015-ci tədris ilinin yekunlarına və 2015-2016-cı tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin konfransı keçirildi. Tədbirdən əvvəl 100 nəfərdən çox şagirdə məktəbli forması hədiyyə edilib. Dövlət Proqramına əsasən bir neçə il əvvəl əsaslı təmir edilmiş 243 №-li tam orta məktəbdə baş tutan tədbirdə Pirallahı RİH və YAP Pirallahı Rayon Təşkilatının, eləcə də digər idarə və müəssisələrin rəhbərlikləri və məsul əməkdaşları, rayonun orta məktəblərinin direktor və müəllim heyəti, həmçinin bu il ali məktəblərə qəbulda yüksək bal toplamış abituriyentlər və onların valideynləri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra söz Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanova verilib. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını və yeni dərs ilinin başlanması ilə əlaqədar təbriklərini tədbir iştirakçılarına çatdıran V.Səfixanov ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycanın dünyada ən qabaqcıl ölkələr sırasına çıxdığını vurğulayıb, müstəqillik yolunda inamla addımlayan Azərbaycanın inkişafında təhsilin önəmli yerlərdən birini tutduğunu qeyd edib. İl ərzində rayon təhsilinin qazandığı nailiyyətlərdən, çatışmazlıqlardan söz açan natiq Pirallahı rayonunun tam orta məktəblərinin ötən tədris ilindəki fəaliyyəti barədə danışarkən ilk növbədə qeyd edib ki, ümumilikdə 2014-2015-ci tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 138 məzundan 97 abituriyent ali məktəblərə sənəd verib və ilkin nəticələrə görə bunlardan 58 nəfəri tələbə adını qazanıb. Sənəd verənlərə nisbətən qəbul faizi 60%-dən yuxarıdır ki, bu da respublika üzrə ümumi göstəricidən yüksəkdir. Çıxışlardan sonra qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adı qazanmış məzunların Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirilib. Tədbirə yekun vuran V.Səfixanov ölkə Prezidenti İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü" münasibəti ilə toplantı iştirakçılarını təbrik edib, təhsilimizin inkişafı, xalqımızın işıqlı gələcəyinin təmin olunması istiqamətində fəaliyyət göstərən hər bir kəsə uğurlar arzulayıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi