“Ölkəmizi tanıyaq” tur-layihəsinin birinci mərhələsi başa çatıb
Bu il noyabrın 11-14 və 16-19 tarixlərini əhatə edən “Ölkəmizi tanıyaq” tur- aksiyanın I mərhələsi artıq başa çatmışdır.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq idi.
Lənkəran-Astara-Masallı istiqaməti üzrə təşkil olunmuş tur-aksiyada məktəbimizin 9A sinif şagirdi Rzayev Hüseyn iştirak etmişdir.
Lənkəranda “Qoşa qala” qapıları, Həzi Aslanovun ev-muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları və sitrus meyvə bağlarına, Astarada şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabrikinə, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, “ASAN həyat” kompleksi və Viləşçay su anbarına ekskursiya şagirdlərin yaddaşında silinməz iz qoymuşdur.
Məktəblilərin asudə vaxtlarında “Nə? Harada? Nə vaxt?” intellektual oyunları, onlar üçün teatr tamaşaları və konsert proqramları təşkil edilmişdir.