Ana dilimizi sevək, qoruyaq!

21 fevral 2022-ci il tarixində Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Çobanova Aygül, musiqi müəllimi Şirinova Ayselin təşkilatçılığı ilə “Beynəlxalq Ana Dili Günü” tədbiri keçirildi.
21 Fevral bütün dünyada “Beynəlxalq Ana Dili Günü” kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni “Beynəlxalq Ana dili günü” elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olmuşdu. Banqladeş nümayəndələri fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti kimi “Ana Dili Günü” adlandırılması haqqında müraciət etmişdilər. YUNESKO-nun Baş Konfransında 21 fevral “Beynəlxalq Ana Dili Günü” elan olunmuş və üzv ölkələrə bildirilmişdi ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin. Məhz həmin gündən bu günə qədər bütün dünyada olduğu kimi Azərbaycanda da “Beynəlxalq Ana Dili Günü” qeyd edilir.
Tədbirdə şagirdlər ana dilimiz, onun mənşəyi, yaranma tarixi haqqında ətraflı məlumatlar verdilər, “Beynəlxalq Ana Dili Günü” haqqında hazırladıqları səhnəcikləri nümayiş etdirdilər, mahnılar oxudular, şeir nümunələri səsləndirdilər, video təqdimatlar izləndi.
Məktəbin Tİ üzrə direktor müavini Sevinc Nəsibova və Tİİ üzrə direktor müavini Sevinc Orucova çıxış edərək tədbirdə əməyi keçən hər kəsə öz minnətdarlıqlarını bildirdilər.
Tədbir şagirdlərin "Ana dilimizi qorumaq, inkişaf hər bir vətəndaşın borcudur" devizləri ilə sona çatdı.