31 Mart-soyqırımı qurbanlarının xatirəsi anılıb.
31 mart 2021-ci il tarixində Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə 31 mart Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib. Anım tədbirində erməni daşnaklarının 103 il əvvəl xüsusi qəddarlıqla Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verilib. Bildirilib ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində soyqırım günü kimi qeyd edilir. 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Qubada və digər bölgələrimizdə 10 minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib.
Məktəbin TTİ işləri üzrə direktor müavini Həsənov İsmixan qeyd edib ki, Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, xaricdə güclü lobbi formalaşdırmaq Prezident İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasındadır. Dövlət başçısının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı siyasətin nəticəsidir ki, Avropa Şurası, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, NATO Parlament Assambleyası, BMT və digər mötəbər beynəlxalq təşkilatlarda Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına nail olunub.