Xocalı faciəsi xatirələrdə.
İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 29 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.
Xocalı faciəsinin 29-cu ildönümünün tədrisdə əks olunması məqsədilə Fevralın 26-da Bakı şəhəri 24 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat fənnlərini tədris edən Mirmehdizadə Günel 5”D” sinif şagirdləri ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş xüsusi dərs təşkil etdi. M.Günel Xocalı faciəsinin tarixi haqqında və faciənin işıqlanmasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin rolu haqqında şagirdləri məlumatlandırdı. Dərsdə iştirak edən şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocalı faciəsini əks etdirən şeir nümunələri və məlumatlarla çıxışlar etdilər. Bu qanlı hadisənin tarixçəsi ilə bağlı video-süjetlər şagirdlərə təqdim olundu. Tədbir şagirdlərin “Qarabağ Azərbaycandır!”, “Zəfər bizimdir” şüarları ilə yekunlaşdı.
Dərs mövcud pandemiya qaydalarına uyğun olaraq distant şəkildə təşkil olundu.