Xocalı soyqırımı - qan yaddaşımız!
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
26 Fevral Xocalı soyqırımının 29-cu ildönümüdür. 1992-ci ilin 25 fevral tarixindən 26 fevrala keçən gecə SSRİ-nin 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri Xocalıda azərbaycanlı əhaliyə qarşı misli görülməmiş soyqırım törətmişdir. Bu qanlı faciə nəticəsində minlərlə azərbaycanlı öldürülmüş və əsir götürülmüş, şəhər yerlə-yeksan edilmişdir. Soyqrım nəticəsində 613 nəfər, 106 qadın, 63 uşaq və 70 ahıl qətlə yetirilmiş, 1275 nəfər girov götürülmüş, 150 nəfərin taleyi isə bu günə qədər məlum deyil. Faciə zamanı Xocalının 487 sakini əlil edilmiş, o cümlədən yetkinlik yaşına çatmamış 76 uşaq, 6 ailə tamamilə məhv edilmiş, 26 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
Xocalı Soyqırımı 20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindəndir. Beynəlxalq konvensiyalar, universal qanunlar, Xocalı faciəsi kimi faciələri dəfələrlə pisləmiş və onların qəbulolunmaz olduğunu bildirmişdir. Ermənistan Respublikası tərəfindən Xocalıda törədilmiş bu insanlıq əleyhinə cinayətə beynəlxalq, siyasi və hüquqi qiymət verilməsi üçün Azərbaycan bir çox beynəlxalq təşkilatlar və dünya ölkələrinin parlamentlərində qətiyyətli addımlar atmışdır.
Xocalı faciəsinin 29-cu ildönümünün tədrisdə əks olunması məqsədilə məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aygül Çobanova 8"B" sinif şagirdləri ilə "Xocalını unutma" adlı onlayn tədbir keçirdi. Tədbirdə Aygül Çobanova şagirdləri Xocalı faciəsi haqqında məlumatlandırmışdır. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər, video təqdimatlar nümayiş olundu.
Tədbir şagirdlərin böyük marağına səbəb oldu.