Beynəlxalq Ana Dili Gününüz mübarək!
21 fevral Beynəlxalq Ana Dili Günüdür!
Beynəlxalq Ana Dili gününüz mübarək!
Həyatımız boyu biz bir çox dillərə yiyələnə bilərik, lakin Azərbaycan dili bizim üçün doğma olaraq qalacaqdır. Gəlin, dilimizi qoruyaq və ona daim hörmət edək!
Ana Dilim!.. Möhtəşəmdir !... Dillər içində çox incədir, Qəlbə yatandır ana dilim. Sərhədləri aşandır. Ölkələri dolaşandır, Ürəklərdə yaşayandır, şirdaşımdır ana dilim. İgidlərin nərəsidir, Çobanların tütək səsidir, Bulaqların zümzüməsidir, Ləpələnən dənizdir ana dilim. Tarixlərin yaddaşıdır, Nizaminin Xəmsəsidir, Xanın muğamıdır, Üzeyirin notlarıdır.
Həmişə fəxr etdiyim, Qədim dilim ana dilim. Qılınc kimi kəsən dilim, Düşmənin gözünə ox kimi batan dilim, Heç vaxt məni tərk etməyən, Hər an mənə sirdaş olan ana dilim. Sən heç zaman unudula bilməyəcəksən. Qərinələr qədər yaşayacaqsan.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Azərbaycan dili əsrlər boyu inkişaf edərək zamanlardan süzülə-süzülə gəlmiş, kamil bir dilə çevrilmişdir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur.
Azərbaycan dilinin formalaşma tarixi VII-IX əsrlərə təsadüf edir. Hələ qədimdən, orta əsrlərdən insanlar "Doğma vətəndən gözəl, doğma dildən şirin dünyada heç nə yoxdur" sözləri ilə döyüşə qalxmışlar. XVIII əsrdən başlayaraq Azərbaycan dili zənginləşdi, inkişaf etdi və yaşadı.
Dilimiz zaman-zaman qol-qanad açdı, elm dili, sənət dili kimi daha da inkişaf etdi. Səfəvi hökmdarı Şah İsmayıl Xətai Azərbaycan-türk dilinin dövlət dili səviyyəsində istifadə edilməsini ilk dəfə olaraq həyata keçirdi.
1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili Günü elan edilmişdir.
İkinci dəfə 1918-1920-ci illər arasında Azərbaycan Demokratik Respublkası bərqərar olduğu dövrdə "Türk dili" adı ilə dilimiz Dövlət dili hüququ aldı. İlk dəfə Dövlət himni yarandı. Cümhuriyyətin ömrü uzun olmadığı kimi, dil haqqında tədbirlər də milli əsaslarla davam edə bilmədi.
Bununla belə Azərbaycan dilinin inkişafı dayanmadı. O, əsrlərin sınaqlarından keçib, bu günümüzə gəlib çatmışdır.
Azərbaycan dili də dünyanın ən zəngin dilləri sırasındadır. Bu gün dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlı yaşayır və Azərbaycan dilində danışır. Ana dilimiz Altay dilləri ailəsini türk qoluna daxildir.
2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilib. Bu, Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində atılmış çox mühüm addım olub.
Ölkəmizdə müxtəlif xalqlar yaşadığından respublikamızda da çoxlu dillər var. Hazırda respublikamızın məktəbəqədər müəssisələrində və ümumtəhsil məktəblərində təlim 3 dildə (Azərbaycan, rus və gürcü) aparılır.
Ölkəmizdəki məktəbəqədər müəssisələrdən 1451-də təlim Azərbaycan, 11-də rus, 6-da gürcü, 225-də Azərbaycan-rus, 2-də Azərbaycan-gürcü dillərində aparılır. 4180 ümumtəhsil məktəbində təlim Azərbaycan, 18-də rus, 6-da gürcü dilində, 335-də Azərbaycan-rus, 5-də Azərbaycan-gürcü, 1-də isə Azərbaycan-rus-gürcü dilində aparılır.
AzərbaycandakI ümumtəhsil məktəblərində şagirdlərə 6 xarici dil (ingilis, fransız, alman, rus, ərəb, fars) tədris olunur.