880 illik işıq.
Yeni təqvim ili mədəniyyət tariximiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən simvolik dəyərlərlə başlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildi.
“Nizami Gəncəvi ili” ilə bağlı Prezident sərəncamında bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiyməti verilir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığı vurğulanır.
Nizami Gəncəvi bəşəriyyət üçün sonu görünməyən zəngin bir sərvətdir. İctimai fikir tarixində onun kimi dühaya sahib olmaq isə Azərbaycan xalqının böyük xoşbəxtliyidir.
Dahi şairin 880 illik yubileyi şərəfinə bütöv bir ilin məhz onun adına, yaradıcılıq irsinə həsr edilməsi isə ilk dəfədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın mədəni dəyərlərinə sevgisindən, bu dəyərlərə verdiyi mühüm əhəmiyyətdən, Nizami irsinə yüksək ehtiramından irəli gəlir. “Nizami Gəncəvi ili” çərçivəsində keçirilən tədbirlər böyük mütəfəkkirin tarixi-mənəvi irsinin xüsusilə gənc nəslə aşılanmasında, tarixən mədəniyyət beşiyi olmuş Azərbaycanın mənəvi sərvətlərinin dünyaya Nizami işığında təqdim olunmasında mühüm rol oynayacaq.
Bakı şəhəri 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cabbarova Elmira rəhbərlik etdiyi 5"B" sinif şagirdləri ilə Nizami Gəncəvinin həyat və yaradıcılığı, poemaları, hikmətli kəlamlarının müzakirəsini özündə əks etdirən “880 illik işıq” adlı onlayn tədbir təşkil etmişdir. Tədbirdə C.Elmira N.Gəncəvinin həyat və yaradıcılığı, qələmə aldığı əsərlər haqqında şagirdləri məlumatlandırmışdır. O qeyd etmişdir ki, “Nizami Gəncəvi ili”nin xalqımızın Zəfər ilinə çevrilmiş 2020-ci ildən sonraya təsadüf etməsi isə xüsusilə əlamətdardır. Biz bu Zəfəri ədalət uğrunda apardığımız savaşda qazandıq. Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmənə qalib gələrək illərdir işğalçı Ermənistanın tanımadığı, tapdadığı ədaləti bərpa etdi. Milyonlarla soydaşımızın pozulmuş haqlarını, hüquqlarını özünə qaytardı. Əzəli torpaqlarımıza qayıdış üçün yol açdı. Bu torpaqlarda ermənilərin 30 illik xarabazarlıq dövrü bitdi. 44 günlük Vətən müharibəsində xeyir şər üzərində qələbə çaldı. Bu, Qarabağ torpaqlarında hər kəsin rifah içində yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənnətə çevrilməsinə zəmin yaradan qələbədir. Nizami Gəncəvinin əsərlərinin də əsas qayəsində məhz bəşəriyyət üçün bu ali məqsədlər durur. Böyük mütəfəkkir “Xəmsə”sində də, lirik şeirlərində də məhz mütərəqqi ideyaları, inkişaf niyyətlərini təbliğ edirdi. Dağıdıcılığı yox, quruculuğu, nifrəti, insana əzab verməyi yox, onun rifahına çalışmağı önə çəkirdi. Ədaləti, insanpərvərliyi, sevgini, dostluğu, əməksevərliyi, dürüstlüyü, saflığı və s. bu kimi mənəvi keyfiyyətləri insanlığın zinəti kimi göstərir.
Tədbirdə şagirdlərin Nizami Gəncəvi yaradıcılığından səsləndirdiyi şeirlər dinləndi, video təqdimatlar izləndi. Tədbir şagirdlərin böyük marağına səbəb oldu.