Azərbaycanın dəyərli söz xəzinəsi Nizami Gəncəvi.

 Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Nizaminin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafına da təkan vermişdir.

Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilmişdir. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaratmışdır. 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə  2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edildi və Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirməyə başladı.

Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsi və şagirdlər arasında geniş təbliğ edilməsi məqsədilə 24 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ç.Aygül 8”B” sinif şagirdləri ilə “Virtual məktəb” platformasında Nizami Gəncəvinin həyat və yaradıcılığını özündə əks etdirən “Azərbaycanın dəyərli söz xəzinəsi” adlanan tədbir təşkil etmişdir. Ç.Aygül şagirdlərin nəzərinə çatdırmışdır ki, Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.

Şagirdlərdən B.Əli və M.Nəzrinin N.Gəncəvinin həyat və fəaliyyəti ilə bağlı hazırladıqları video təqdimatlar izləndi. Tədbir şagirdlərin böyük marağına səbəb oldu. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi