Bakı təhsili 2019-2020-ci tədris ilində

2019-2020-ci tədris ilində ümumi təhsil sahəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü işlər görülüb.

Təhsildə keyfiyyətin davamlılığını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən dəyişikliklərə nail olmaq məqsədilə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin imkanları səfərbər edilib.

 

Ümumi statistika

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 317 məktəb və 5  Uşaq-Gənclər  İnkişaf  Mərkəzi fəaliyyət göstərir.

2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 440 426 şagirdin təlim-tərbiyəsi ilə 27 786 müəllim məşğul olub.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərini 45 573, IX siniflərini 30 888, XI siniflərini 19 612, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 124 nəfər bitirib.

 

43 mindən çox uşaq birinci sinfə elektron qeydiyyatdan keçib

Paytaxt üzrə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43 395 müraciət edilib.

 

I sinfə qəbul prosesində yenilik

İlk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çəkinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Cari tədris ilindən etibarən ilk dəfə olaraq, ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə I sinfə  müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərin seçiminə əsasən müsahibələrin ənənəvi (canlı) və ya onlayn qaydada təşkili mümkündür. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki “Əlaqə” bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Bu baxımdan valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilir.

Onlayn müsahibə prosesi “Microsoft Teams” platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilir.

 

Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib.

Özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərin (qanuni nümayəndələrin) Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac yoxdur.

Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp”  nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə zəruri köməklik göstərilir.

Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədlərinə xidmət edir.

 

25 832 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub

BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. Məktəbəhazırlıq qruplarına Bakı şəhərində tətbiq olunan elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.

 

Şagird yerdəyişməsi elektronlaşdırılıb

2019-cu ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesi vətəndaşlar üçün daha bir imkan deməkdir. 2019-2020-ci tədris ili ərzində 23 589 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb.

 

39 məktəbdə 170 “Sağlam təhsil” sinfi təşkil edilib

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 “Sağlam təhsil” sinfi fəaliyyət göstərib.

Həmçinin cari tədris ilində paytaxtdakı 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

 

Təntənəli açılış mərasimləri

2019-2020-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 101, 208, 300 nömrəli tam orta məktəblərin açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.

 

Təhsil sahəsi üzrə mühüm sərəncam və qərarlar

“Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.

 “Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında”  və  “Azərbaycan Respublikasının təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar.

Eyni zamanda “2019-2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, tədris ilində yüksək nəticə göstərək ali məktəblərə daxil olan tələbələrə təqaüd verilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” və “Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları” təsdiqlənib.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyeva paytaxt məktəbində

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

 

163 məktəbdə 358 təmayül sinfi təşkil olunub

Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib.

BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olunub. 

Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir.

    

 60 şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.

 

İşə qəbul üzrə 1 442 vakansiya təqdim olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi  müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.

 

993 nəfər işə qəbul olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla işə qəbul olunub.

Bunlardan:

414 nəfər müəllimlərin işə qəbulu müsabiqəsinin müddətsiz müqavilə ilə işə qəbul mərhələsi nəticəsində;

319 nəfər vakant yer üzrə müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşmə prosesi nəticəsində;

260 nəfər müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

 

1 273 nəfər müddətli müqavilə ilə işə qəbul edilib

2019-2020-ci tədris ilində müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1273 nəfər namizəd müddətli müqavilə ilə müxtəlif fənlər üzrə müəllim vəzifəsində işlə təmin olunub.

 

1004 nəfər yaş həddinə çatmış müəllimlə müddətli müqavilə bağlanılıb

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 1004 nəfər ilə 2019-2020-ci dərs ilinin sonunadək müddətli müqavilə bağlanılıb.

 

288 təhsil işçisi təltif edilib

2019-2020-ci tədris ilində ölkə Prezidentinin Sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 8 müəllim “Tərəqqi” medalına, 14 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub.

Eləcə də  5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən 230 təhsil işçisi BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərmanı ilə təltif edilib.

 

364 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib

2019-2020-ci tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 54 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 29 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 19 nəfər təsərrüfat işləri üzrə direktor müavini, 27 nəfər psixoloq, 29 nəfər kitabxanaçı, 12 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər, 19 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 175 nəfər laborant vəzifələrinə işə qəbul olunub. Qeyd edilən vəzifələr üzrə ümumilikdə, 364 nəfərin işə qəbulu həyata keçirilib.

 

Məktəb idarəçiliyi

2019-2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 

12 direktorun iş yeri dəyişdirilib.

111 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 42 direktorla müqavilənin müddəti 2019-2020-ci tədris ili çərçivəsində uzadılıb.

4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib.

2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.

 

Orta aylıq əmək haqqı 688 manat təşkil edir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edir.

 

“Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfrans

Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilib.

Konfransda ötən tədris ilində keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlardan bəhs edilib. Eyni zamanda məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və təmayülləşmə kimi digər məsələlərdən söhbət açılıb.

  

“Məktəb seminarları”na 2500-dən çox iştirakçı qatılıb

BŞTİ tərəfindən 2019-2020-ci tədris ili ərzində təşkil olunan “Məktəb seminarları”na ümumilikdə 2 560 təhsil işçisi qatılıb.

 “Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq olunmuş Fəaliyyət Planından irəli gələn məsələlərin ümumi təhsil məktəbləri tərəfindən səmərəli icrasını və təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

 

Xüsusi hallar və həssas qruplarla iş

BŞTİ-nin təşkilatçılığı ilə “Xüsusi hallar və həssas qruplarla iş: qarşılıqlı fəaliyyətin tənzimlənməsi və səmərəli əməkdaşlıq” mövzusunda “Dəyirmi masa” keçirilib.

“Dəyirmi masa” aidiyyəti qurumlarla mövcud vəziyyəti müzakirə etmək, qarşılıqlı əməkdaşlıq imkanlarına bir daha nəzər salmaq və daha səmərəli işçi platformanın yaradılmasına nail olmaq məqsədlərinə xidmət edib. “Dəyirmi masa”da xüsusi hallarda daha çevik əməkdaşlıqla bağlı müvafiq təkliflər irəli sürülüb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə aydınlıq gətirilib.

 

Məktəb idarəetməsi ilə bağlı görüşlər

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Həmçinin mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar məktəb rəhbərləri ilə onlayn müzakirələr aparılır,  pandemiya dövründə təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması ilə bağlı müvafiq təklif və tövsiyələr verilir.

 

28 830 şagird monitorinqə cəlb edilib

İbtidai sinif müəllimlərinin işinin qiymətləndirilməsi, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsi məqsədilə monitorinq keçirilib.

Monitorinqə  Bakı şəhəri üzrə 218 məktəbdən 28 830 şagird cəlb edilib.

Monitorinqlərin nəticələri ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.

 

Paytaxt təhsilinin keyfiyyət göstəriciləri təhlil edilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris ili üzrə IX  sinif şagirdlərinin buraxılış imtahanı (I mərhələ) və I Böyük Summativ Qiymətləndirmənin nəticələri təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

İbtidai siniflərdə tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsi məqsədilə paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmə nəticələri təhlil edilib, müvafiq hesabat hazırlanıb. Bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək.

Təhsil Nazirliyi tərəfindən paytaxt məktəblərində təhsil alan 58 674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Diaqnostik Qiymətləndirmə V siniflər üzrə 28 830,  IX siniflər üzrə 29 844 məktəblini əhatə edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.

 

“Məktəblinin dostu” layihəsinin əhatə dairəsi genişləndirilib

Bakı şəhərində “Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 64-ə çatıb. Onlardan 58-i BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2-si gimnaziya, 2-si internat, 2-si idman məktəbidir.

Layihə üzrə 300 əməkdaş fəaliyyət göstərir.

“Məktəblinin dostu” layihəsi çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili üçün ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqə, 200-dən artıq məktəbdaxili intellektual təşəbbüs və sosial məsuliyyət çərçivəsində tədbir həyata keçirilib.

Həmçinin layihəyə daxil olan bütün məktəblərdə fövqəladə vəziyyətlərə hazırlıqla bağlı monitorinqlər aparılıb, bütün siniflər üzrə yanğın vəziyyəti ilə bağlı nəzəri təlimlər reallaşdırılıb və vətənpərvərlik mövzusunda müxtəlif irimiqyaslı tədbirlər keçirilib.

Mövcüd sanitar-epidemioloji vəziyyətlə əlaqədar bir sıra məktəblilərarası yarışlar onlayn təşkil olunub. Belə ki, "Fibonacci" intellektual yarışları keçirilib. Bununla yanaşı, “Məktəblinin dostu” layihəsi, Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyası və “Kulis.az” saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı müsabiqə də təşkil olunub.

 

36 qrant layihə qalib olub

Paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 150, 155, 177, 212, 214, 216, 232 nömrəli tam orta məktəblərə və 147 nömrəli Texniki-Humanitar Liseyə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib.

Hazırda Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihələrin qeydiyyatı yekunlaşıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri və bu tədris ocaqlarında çalışan müəllimlər də fəal şəkildə IV qrant müsabiqəsinə qoşulub.

 

Müəllimlər üçün stajkeçmə xidməti təşkil olunub

Ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçirilib. Stajkeçmə xidmətinə BŞTİ-nin tabeliyindəki 36 ümumi təhsil müəssisəsindən 536 müəllim qatılıb.

 

26 məktəbdə informatika təmayüllü siniflər fəaliyyət göstərib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM