220 nömrəli məktəb-liseydə xalq şairi ilə görüş
Məktəbin akt zalına – şeirə, sənətə qiymət verənlər, qəlbi poeziya ilə döyünənlər yığışmışdılar. 3ə sinfinin təşkilatçılığı ilə keçirilən tədbirin qonağı xalq şairi Baba Vəziroğlu idi. Tədbirdə məktəb rəhbərliyi müəllim və valideyn kollektivi iştirak edirdi.
Tədbir Baba müəllim haqqında çəkilən qısa metrajlı film ilə başlandı. Şairin uşaqlıq illərini canlandıran kiçik yaşlı şagird ilə ana obrazının ayrılıq səhnəsi qonaqların kövrəlməsinə səbəb olmuşdu.
Yağışlı bir gündə stansiyada qatarı, bu qatarın gətirəcəyi şəxsi ümidlə gözləyən, hər səfərində də ümidi puç olan insan obrazı qonaqları dərin düşüncəyə qərq etmişdi.
Sinif rəhbəri Siyatel İsgəndərovanın böyük zəhməti ilə istedadlı şagirdlər sanki aktyor kimi hər səhnəciyi məharətlə canlandırırdılar. Gənc Tamaşaçılar Teatrının aktyorları Elxan bəy və Fidan xanım da ayrılıq valsı ilə tədbirə rəng qatdılar.
Tədbirdə Baba müəllimin lirik, poetik şeirləri, Vətən sevgisi, həyatla bağlılıq, nikbin ruhlu əsərləri yer almışdır. “Məndən bir də olmayacaq”, “Xatirədir”, “İlahi”, “Dünya dəyməz göz yaşına” kimi kompozisiyaları bacarıqlı şagirdlər tərəfindən ifa edildi.
Sonda sözləri Baba Vəziroğluya, musiqisi Kamala aid olan “Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək” ölməz əsəri balaca “ifaçılar” tərəfindən səsləndirildi.