Mən isə bu gün onlar kimi 7 qız 7 oğuldan da dəyərlidir dedim

Millət vəkili Qənirə Paşayeva bu il qəbul imtahanlarında maksimum nəticə əldə edərək 700 bal toplayan 7 qızla görüşüb. Məktəbimiz üçün çox sevindirici haldır ki, o 7 qızın biri də- Əliyeva Xalidə bizim məktəbi bitirib.Millət vəkilimiz bu addımı ilə elmə, təhsilə verdiyi dəyəri bir daha nümayiş etmişdir. Qızlarımızı öz evində qonaq edərək onlara stimul vermiş, onların uğurunu yüksək qiymətləndirmiş, bu istedadları yetişdirən müəllimlərə və valideynlərə təşəkkür etmişdir. Görüş zamanı xanım millət vəkili qızların təhsilə cəlb edilməsinin vacibliyindən danışıb və heç də qız övladlarına biganə yanaşılmamasını vurğulayıb. Uşaqlar qarşı atılmış bu humanist addım onların gələcəyi üçün böyük təkandır. Belə tanınmış, dəyərli insanla, vətənpərvər, təcrübəli millət vəkili ilə ünsiyyət onlar üçün bir həyat təcrübəsidir. Millət vəkili öz hislərini belə ifadə etmişdir “Bu gün həyatımın ən gözəl günlərindən birini yaşadım... Bu 7 qız sanki öz qızlarımdı.O qədər sevindim onların uğurlarına,heyran qaldım ağıllarına, istedadlarına, sadəliklərinə. Çünki bu qızlar millətin gələcəyidir, minlərlə gənc qızlarımıza ən gözəl örnəklərdəndirlər.Bu qızlar 700 bal toplayaraq ən yüksək nəticələrlə ali məktəblərə qəbul olublar. Bu gün onları evimdə qonaq etdim. Onların uğurlarına hamının sevindiyini söylədim.Təşəkkür etdim. "Xeyli söhbətləşdik. Siz arzularınızın, xəyallarınızın arxasınca gedə biləcək ağıla,istedada sahibsiniz və hər zaman mütləq bacaracam deyib daha da çox çalışmalısınız. Çünki siz artıq Millətimizin gənc qadın aydınlarısınız və bir millətin inkişafı onun qadınlarının savadından, inkişafından çox asılıdır və siz artıq gözəl örnəklər kimi fəal olmalısınız" dedim. Hamısı həyat dolu, böyük xəyalları var və ən əsası hamısı da yaxşı peşəkar olmaqla bərabər gözəl aydın olmaq istəyindədirlər. Qızlarımızın ata-anaları ilə də söhbət etdik, onları təbrik etdim və belə övladlar böyütdükləri üçün təşəkkür etdim. Hamısı sadə ailələrin övladlarıdır və onlarla qürur duydum. Müəllimlərini də təbrik edirəm əziz qızlarımızın.”