Məktəbimiz mini-futbol turnirinin qalibi oldu

06 may 2017-ci il tarixində Heydər Əliyev adına Neft Emalı Zavodunun idman kompleksində Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2005-2006-cı il təvəllüdlü məktəblilər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ənənəvi "Mini - futbol" turnirinin final oyunu keçirilmişdir. Əvvəlcə Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Arif Qasımovun və digər fəxri qonaqların iştirakı ilə Ulu Öndərin abidəsinin qarşısına gül dəstələri qoyulmuşdur. İlkin mərhələsi Nizami Rayon Bələdiyyəsinin idman kompleksində təşkil olunmuş, 24 komandanın olimpiya sistemi üzrə iştirak etdiyi, 6 gün davam etmiş turnirin final oyunundan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Oyundan əvvəl Nizami Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev turnir haqqında ətraflı məlumat verərək cənab Arif Qasımova və digər fəxri qonaqlara tədbirdə iştirak etdikləri üçün öz təşəkkürünü bildirmişdir.Nizami Rayon İcra Hakimiyyəti Başçısı cənab Arif Qasımov çıxış edərək gənc idmançıları təbrik etmiş və onlara ürək sözlərini çatdırmışdır.Tribunalara toplaşmış 300-dən çox azarkeşin izlədiyi 220 saylı məktəb - liseyin və 251 saylı tam orta məktəbin iştirak etdiyi final oyunu gərgin və maraqlı idman mübarizəsi şəraitində keçmiş və 220 saylı məktəb - liseyin komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşmışdır. Bu münasibətlə məktəbimizin bütün kollektivini təbrik edirik və bu qələbədə çox böyük zəhməti olan fiziki tərbiyə müəllimlərimiz Gülyana Özcan və Orxan Hacıyeva təşəkkür edirik.Turnirin sonunda mükafatlara layiq I, II və III yerləri tutmuş 220 saylı məktəb - liseyin, 251 saylı tam orta məktəbin və "Zəngi" liseyinin komandası kubok, diplom və medallarla təltif olunmuşdurlar.